Bakılıların ailə həkimi olmayacaq

8 Sentyabr 2012 11:28 (UTC+04:00)
"Ailə həkimi haqqında" qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi gözlənilmir. Bu barədə məlumatı AzNews.az-a parlamentin sosial-siyasət daimi komitəsinin sədr müavini Musa Quliyev verib. Millət vəkilinin sözlərinə görə, hazırda komissiyada qanun layihəsi üzərində iş aparılır.

Ölkəmizdə ailə həkimlərinin əhatə edəcəyi ailə sayı isə bölgədən asılı olaraq dəyişəcək: "Masallı-Lənkəranda əhalinin sayı çoxdur, orada 1200 ailəni də əhatə edə bilər. Gədəbəy-Daşkəsəndə isə bu say 800 ailəyə qədər endirilə bilər. Ümumilikdə bir ailə həkiminin 800-1200 ailəni əhatə etməsi nəzərdə tutulur". Paytaxta və böyük şəhərlərdə isə ailə həkimi institutu tətbiq edilməyəcək. Millət vəkili bunu həmin şəhərlərdə insanların həkimlərlə ünsiyyətində problemin olmaması ilə əlaqələndirib: "Ailə həkimi institutu ucqar bölgələr üçün nəzərdə tutulub və insanlara göstərilən səhiyyə xidmətinin keyfiyyənin artması məqsədi daşıyır".

Ailə həkimlərinin əmək haqqının daha çox olacağını vurğulayan millət vəkili bu tədbirin stimullaşdırıcı xarakter daşıdığını qeyd edib: "Ailə həkimlərinin maliyyələşməsi üçün icma və dövlət mənbələrindən istifadə nəzərdə tutulur. Bu məqsədlə bələdiyyələrdə səhiyyə fondu yaradılacaq və ailələr hər ay həmin fonda 1 manat məbləğində vəsait ödəyəcəklər. Bu mənbə ilə yanaşı, dövlət də vəsait ayıracaq. Çünki maliyyə təminatı yaxşı olmasa heç bir həkim ailə həkimi kimi ucqar bölgədə işləməyə razı olmayacaq".

E.Əlosmanqızı
AzNews.az