Millət vəkili: «5 uşağı olan yox, Mübariz İbrahimovu dünyaya gətirən qəhrəman anadır»

8 Sentyabr 2012 13:39 (UTC+04:00)
"Bu gün Azərbaycanda "qəhrəman ana" statusuna ehtiyac yoxdur. 5 uşağı olan yox, Mübariz İbrahimovu dünyaya gətirən qadın qəhrəman anadır". Bu fikirləri 5-dən çox uşaq dünyaya gətirən qadınlara "qəhrəman ana" statusunun verilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifinə münasibət bildirən Milli Məclisin sosial-siyasət daimi komitəsinin sədr müavini Musa Quliyev səsləndirib.

AzNews.az-a açıqlamasında millət vəkili bildirib ki, dünyaya uşaq gətirmək qəhrəmanlıq deyil, anaların funksyasıdır: "Dünyaya 5-dən çox uşaq gətirən qadınlara "Ana şöhrəti", yaxud "Ana şərəfi" statusu verilə bilər. Amma şəxsən mən "Qəhrəman ana" statusunun tərəfdarı deyiləm. Uşağın sayı yox, necə uşaq olmaları əsasdır".

M.Quliyev ölkədə doğumun stimullaşdırılmasına yönəlik tədbirlərə ehtiyac olmadığını vurğulayıb: "Ölkəmizdə hər il 175 minə yaxın uşaq doğulur. 75-80 min nəfər isə dünyasını dəyişir. Bu rəqəmlər də göstərir ki, Azərbaycanda doğumun stimullaşdırılmasına ehtiyac yoxdur".

"Qəhrəman ana" statusunun ötən əsrin 40-cı illərində SSRİ tərəfindən işçi qüvvəsi toplamaq üçün məqsədli şəkildə meydana atıldığını deyən M.Qasımlı hazırda buna ehtiyac olmadığını deyib.

E.Əlosmanqızı
AzNews.az