Əliağa Hüseynov Zahid Oruca irad tutdu: “Bu, sadəlövhlükdür...”

15 İyul 2014 09:33 (UTC+04:00)
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Əliağa Hüseynov həmkarı Zahid Orucun "Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətin sayı azaldılmalıdır"-fikrinə münasibət bildirib.

General AzNews.az-a açıqlamasında deyib ki, Z.Orucun təklifi reallığa söykənmir: "Müharibə aparan hansı ölkədə silahlı qüvvələrin şəxsi heyətinin sayını azaldırlar? Mən bildiyim qədərilə həmişə səfərbərlik elan edilir. Ordumuz bu gün də mobildir.

İnşallah qalib gəlib, torpaqlarımızı azad edərik. Çox güclü ordumuz var və sayı azaltmağa da ehtiyac görmürəm. Ümumiyyətlə şəxsi heyətin sayının azaldılıb-azaldılmaması Ali baş komandanın, müdafiə nazirinin, digər qoşun birləşmələrin rəhbərlərinin məsləhətləşib qərar verəcəyi məsələdir. İndi bu barədə fikirləşmək sadəlövhlük olardı".

Qeyd edək ki, Zahid Oruc AzNews.az-a açıqlamasında bildirib ki, orduda şəxsi heyətin saxlanılması üçün külli miqdarda vəsait xərcləndiyindən, daha ciddi mobil ordunun qurulmasına ehtiyac var. Bu, həm də xərclərin daha az olmasına gətirib çıxarar.

İntiqam Valehoğlu
AzNews.az