Əli Mirəliyev: “Eldar Mansurov mənim mahnımı Səməd Səmədova satdı”

10 Sentyabr 2012 09:22 (UTC+04:00)
"Elariz düz deyir. Səməd Səmədova Xalq artisti fəxri adı toylarda oxuduğuna, tamadalıq etdiyinə görə verilib. Mən sənətdə özümü öldürəndə, konsetlər verəndə Səməd Səmədov hardaydı? AzTV-yə niyə çıxmırdı? Vaxtiylə AzTV tərəfindən qadağa qoyulan insanlar bu gün Xalq artisti adını daşıyır. Birinin hünəri yox idi ki, AzTV-yə yaxın düşsün. Hamısının adı qara dəftərdə idi. Çünki toylarda oxuyurdular".

Bunu AzNews.az-a müğənni Əli Mirəliyev dedi. Müğənni bildirdi ki, Xalq artisti Ağadadaş Ağayev də ara mahnıları ilə səhnəyə gəlib: "60 min ördək deyiləndə Ağadadaş yada düşürdü. Amma o, efirə çıxandan sonra ciddi mahnılar oxumağa başlayıb. Bu sübutdur. Bəzi müğənnilər var ki, onlar bu gün də Hindistan, Pakistan mahnıları oxuyur. Belə mahnılarla da Xalq artisti adı alırlar".

Ə.Mirəliyev daha bir faktı açıqladı. Onun sözlərinə görə, bəstəkar Eldar Mansurov "Bu qızların telinə bax" adlı mahnını onun üçün yazıb: "Eldar durur, mən dururam. O mahnı mənə yazılıb. Eldar Mansurov televiziyanın musiqi verilişlərinin baş redaktoru olub. Novruz bayramı ərəfəsində bu mahnı mənim ifamda səslənməliydi. Zaur Rzayevdən sonra səhnəyə mən çıxmalıydım. Növbə dəyişikliyini görəndə, dedim Ay Eldar bu nədir? Başladı gülməyə. Dedi ki, "Səməd bizə gəlmişdi. Həmin mahnıya qulaq asdı. Dedi ki, "Eldar bu mahnını mənə ver. Mən də verdim". Sonra eşitdim ki, Səməd bu mahnını pulla alıb. Hətta Eldar Mansurovun qarşısında şərt də qoyub. Deyib: "mahnını bir şərtlə alıram ki, onun ilk ifaçısı mən olacam". Eldar da götürüb mahnını ona verib. Dedi ki, "Əli vallah pulunu almışam, bəs sən sonra oxuyarsan". Yoxsa, Səməd kim idi ki, mən o mahnını ona verəm. Hamı görür ki, Səməd bu mahnını necə oxuyub. Onun səsi var?"

Bahar
AzNews.az