Əli İsa Cabbarov: “Seriallara ayrılan pullar telekanallarda itib-batır”

11 Sentyabr 2012 07:01 (UTC+04:00)


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli serialların çəkilməsi ilə bağlı sentyabr ayında yenidən maliyyə vəsaitinin ayrılacağı barədə məlumat açıqlayıb. Bu açıqlama seriallara ayrılan vəsaitlərin düzgün xərclənməməsi fikrini yenidən gündəmə gətirib. "Dərviş" Prodüser Mərkəzinin rəhbəri Əli İsa Cabbarovla söhbətimiz də əsasən bununla bağlı oldu.

- Teleserialların keyfiyyətsiz olması, tamaşaçı marağı qazanmaması çox vaxt maliyyənin azlığı ilə əlaqələndirilir. Vəsaitin artırılması sizcə keyfiyyəti artıracaq?

- Ölkə Prezidentinin sərəncamına əsasən teleserialların dövlət tərəfindən maliyyələşməsi prosesi birmənalı şəkildə yaxşı haldır. Amma pul düzgün istiqamətə yönəldilməlidir. Burda bir məsələni qeyd edim ki, xarici teleserialların yayımına qadağa Milli Televiziya və Radio Yayımı Şurasının tələsik addımı idi. Ona da sonradan düzəlişlər verildi ki, başqa antenalar vasitəsilə həmin kanallara və seriallara baxa bilərlər. Bu gün Nuşirəvan müəllim bildirdi ki, milli seriallara ayrılan maliyyə vəsaiti yaxın zamanlarda daha da artacaq. Çox yaxşı haldır, amma yaxşı olardı ki, həmin serialları ekranlaşdıran prodakşın şirkətləri də maliyyələşsin. Onlar öz işlərinin rahatlaşması üçün bunu tender kanallarının boynuna qoyub. Onsuz da kanallar özləri prodakşınlara sifariş verir. Məsələn, "Sirr" və "Pərvanələrin rəqsi" teleserialları da prodakşın istehsalıdır. Onlar ayrılan maliyyə vəsaitini kanala, kanal da prodakşınların hesabına köçürür. Buna görə həm kanal, həm də prodakşın dövlətə vergi ödəyir. Belə olan halda hansı mənimsəmədən söhbət gedə bilər? Bəyəm dövlətin maliyyə vəsaiti bu qədər çoxdur? Burada başqa bir vacib məsələ var ki, onu diqqətə çəkmək lazımdır.

- O hansı məsələdir?

- Həm maliyyə, həm də yaradıcı nöqteyi-nəzərindən daha effektli olardı ki, prodakşınlar bir başa maliyyələşsinlər. Məncə maliyyəni bir başa onlara versələr, daha yaxşı olar. Serial çəkilişi ilə bağlı televiziyalara köçürülən maliyyə vəsaiti itkidən başqa bir şey deyil. Bir, iki dəfə bu fikir səslənəndən sonra Nuşirəvan müəllim dedi ki, "biz maliyyəni məsuliyyət götürən tərəfə verə bilərik". Bu güclü arqument deyil. Qanun qarşısında telekanal və prodakşın eyni məsuliyyəti daşıyır. Serial çəkilişi üçün maliyyə vəsaitinin telekanalların hesabına köçürülməsi itkidən başqa bir şey deyil. Mən buna da razıyam, kanallar tender keçirsin. Kanal iş birliyi quracağı şirkətlə bağlı açıqlama versin. Amma əgər söhbət keyfiyyətdən gedirsə, təbi ki, bu barədə danışmaq hələ çox tezdir. Azərbaycan teleməkanında "Fatmagülün suçu nə" kimi populyar teleserial görmək məncə tezdir. Biz belə seriallar üçün tələbkar olmağa çalışmamalıyıq. İndi kəmiyyət prinsipidir, sonra isə keyfiyyətə keçəcəyik.

- Deyirsiniz ki, seriallar üçün tələbkar olmayaq. Bəs o zaman bu pullar nə üçün və kimə ayrılır?

- Kanallardan biri sosial problemlərdən, məsələn, bir familiya üzərində qurulmuş serial layihəsi həyata keçirir. Bu bir ailə dramının tarixçəsidir. Orada sosial problemlərə çox da toxunulmur. Düşünürəm ki, milli seriallarda reytinqin aşağı olmasının səbəblərindən biri həmin filmin yaradıcı kollektivinə lazımı imkanın verilməməsidir. Məndə belə bir xəbər var ki, serial çəkənlərə sosial problemləri çılpaqlığı ilə işıqlandırılmasına icazə vermirlər. Mən bununla bağlı MTRŞ-da məsələ qaldırmışdım. Demişdim ki, heç olmasa mənəvi-psixoloji problemləri çılpaqlığı ilə versinlər. Bunlar olmasa, heç bir milli serialın reytinqi olmayacaq. "Fatmagülün suçu nə" teleserialı niyə məşhurlaşdı? Məsələ ondadır ki, Azərbaycan sakinləri belə seriallarda öz problemlərini görür. Görün necə yazıq olmuşuq ki, gündəlik rastlaşdığımız problemlərimizi efirimizdə görə bilmirik. Türk seriallarında olan problemlər eynilə Azərbaycan cəmiyyətindədir.

Məsələn, zorlanma ilə qarşılaşan qadın, tənha qadın, atalar-oğullar, gənc qızların mənəvi siması, puldan əxlaqı pozulmuş, halallıqla haram arasında çarpışan insanların problemləri var. Bunların hamısı çılpaqlığı ilə nümayiş olunmalıdır. Bu serial mövzusudur. Sosial problemlər qaldırılmayana kimi heç bir teleserialın reytinqi olmayacaq. Süni yarımkriminal mövzuları axtarmaq lazım deyil. Azərbaycan tamaşaçısı efiri açanda orada özünü görməlidir.

- Mütəxəssislər milli teleserialların qeyri-peşəkarlara həvalə olunmasını iddia edir...

- Serial çəkənlərin arasında peşəkarlar çoxdur. Amma imkan vermək lazımdır ki, ailə münasibətləri olduğu kimi yayımlansın. İnsanlar seriallara ona görə baxır ki, dərdini bölüşsün. Dərdini, qəmini bölüşməsə, orada reytinq olmayacaq.

- Yuxarıda dediniz ki, sosial problemləri çılpaqlığı ilə görsətməyə qadağa var. Bu qadağanı kim qoyur, məqsəd nədir?

-Nüşirəvan müəllim müzakirədə bildirdi ki, "biz hər çirkinliyi verə bilmərik". Yüz il bundan əvvələ baxaq. Mirzə Cəlilin gördüyü iş puça getdi? O, cəmiyyətimizin bütün iç üzünü "Danabaş kəndinin Əhvalatları" göstərməklə bizə nə xəyanət etdi, nə də bizi qəflət yuxusundan oyatdı? Mən sənədli filmlər çəkəndə evlərə gedirdim. Deyirdilər ki, oranı çəkmə, təmirsizdir. Biz özümüzü bəzəkli görməyə öyrəşmişik. Süni bəzək kimə lazımdır? Müasir Azərbaycan psixologiyası gerçəklik qarşısında gücsüzdür. Yəni, gerçəklikdən qorxurlar. Ona görə də problemləri bütün çılpaqlığı ilə göstərə bilmirlər. Boşanmaların sayı artır, kriminal aləm gəncləşir. Həmin o telekanalların kriminal verilişlərində 16 yaşlı cinayət edən oğlanı göstərirlər. Amma ondan serial çəkməyə məsləhət görmürlər. Necə olur ki, 20 yaşlı oğlan adam öldürür? Necə olur 18 yaşlı qız kəbindənkənar uşaq doğur? İl əvvəlində qurulmuş ailə ilin sonunda dağılır. Sonradan isə bu kütləvi hal alır. Bunları göstərmək lazımdır. Bu gün vətəndaş nikahı ilə dünyaya gələn uşaqdan imtina edirlər. Ana öz doğduğu körpəni qoyub qaçırsa, bu müzakirə edilməlidir. Gözəl serial mövzusudur. Serial taxtın altında gizlədilən zibilləri üzə çıxarmaqdan ibarət olmamalıdır.

Bahar
AzNews.az