“20 Yanvar”dakı ticarət obyektləri söküldü

1 Avqust 2014 07:20 (UTC+04:00)
Metrodan çıxarılan ticarətçilərə "Metro"da yer verildi
İyulun 30-dən Bakı Metropoliteninin "20 Yanvar" stansiyasının keçidindəki ticarət obyektlərinin söküntüsünə start verilib. "Yeni Müsavat"ın məlumatına görə, stansiyanın əsas giriş-çıxışının qarşısında olan obyektlər sökülüb.

Metrodakı ticarət köşklərində çalışanların sözlərinə görə, metropoliten rəhbərliyi 3 gün vaxt veribmiş. Müddət bitdiyindən "20 Yanvar" stansiyasındakı keçiddə olan ticarət obyektlərinin söküntüsünə başlanılıb. Ticarətçilərin sözlərinə görə, əlacsızlıqdan köşklərində olan malları dəyər-dəyməzə, topdansatış qiymətinə satmağa məcbur olublar. Bəzi ticarətçilər isə paytaxtdakı digər ticarət mərkəzi və bazarlara üz tutmağa məcbur olublar.

"Bakı Metropoliteni" QSC-dən milli.az-a verilən məlumata görə, obyektlər bir neçə günə tamamilə yığışdırılacaq: "Əslində söküntü işləri bir neçə gün öncədən başlamalı idi. Ancaq Ramazan bayramı ilə əlaqədar camaatı həmin gün çörəkpulundan etmək istəmədik. Gözlədik ki, bayram qurtarandan sonra obyektlərin söküntüsünə start verək. Obyektləri sökülən sakinlərin harada və necə işləməklərinə artıq biz cavabdeh deyilik. Stansiyanın girişindən çıxışınacan olan ərazidəki bütün obyektlər söküləcək. Gündüz insanların çoxluğundan sıxlıq olur deyə söküntü işləri gecə vaxtı olur. Ona görə də işlərimiz, ola bilsin, bir az ləngisin, ancaq ən geci sabaha qurtararıq".

Məlumat üçün bildirək ki, "20 Yanvar"dan köçürülən metro ticarətçiləri metronun "Neftçilər" stansiyasının yaxınlığında yeni açılan "Metro" ticarət mərkəzinə üz tutub. Yeni açılan ticarət mərkəzində satıcılara güzəştlə mağazalar verilib. Burada da satıcılardan 3 ay yer pulu alınmayacaq.

Qeyd edək ki, "Metro" ticarət mərkəzilərində hazırda 800-ə yaxın köşk fəaliyyət göstərir. Həmin köşklərdə əsasən metronun "Neftçilər", "Qara Qarayev", "Koroğlu", "Nərimanov", "Gənclik", "20 Yanvar" stansiyalarının keçidlərində ticarətlə məşğul olmuş sahibkarlar yerləşdiriliblər. Sahibkarlarla ilkin olaraq 3 aylıq müqavilə imzalanıb. Müqavilə başa çatdıqdan sonra mağazalar satışa çıxarılacaq.

Qeyd edək ki, "Metro" ticarət mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında yaradılıb. Məqsəd isə Bakı Metropolitenində yerləşən ticarət köşklərinin sökülməsindən sonra orda çalışan ticarətçiləri yerləşdirmək olub. Bundan əvvəl isə metro stansiyalarda yerləşən köşklərinin sökülməsinə etiraz edən sahibkarlar kompensasiya tələbi ilə bir neçə dəfə Bakı Metropoliteninin qarşısında aksiya keçiriblər.

AzNews.az