Əli Əhmədov: “Azərbaycan xalqı bu qanı yerdə qoymayacaq”

2 Avqust 2014 11:47 (UTC+04:00)
"Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış 1995-ci il təvəllüdlü Abdinov Hüseyn Etibar oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub. O da digər şəhid olan əsgərlərimizdən biridir. Azərbaycan xalqı öz şəhidlərini hər zaman uca tutub. Hesab edirəm ki, şəhidlik adı müqəddəsdir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.

YAP rəsmisi təəssüf hissi ilə qeyd edib ki, atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycanda gənclərimiz həlak olur: "Bu yaxınlarda da bir neçə gəncimiz həlak olub. Güman edirəm ki, Azərbaycan xalqı bu qanı yerdə qoymayacaq. Bizim hərbiçilərimiz, dəyanətli döyüşçülərimiz tökülən qanların, həlak olan övladlarımızın qisasını alacaqlar. Hesab edirəm ki, bütün bunlar erməni tərəfinin son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli sürətdə həll olunması ilə əlaqədar səsləndirilən bəyanatlara verdiyi əsəbi reaksiyanın ifadəsidir. Yəqin ki, Ermənistan bununla öz əhalisinin diqqətini daxili qeyri-sabitliyindən yayındırmağa cəhd edir.

Bütün bunlara baxmayaraq, Azərbaycan ordusunun gücü, qüdrəti, əsgərlərimizin mətinliyi erməniləri narahat edir. Cəbhə bölgəsində son günlərdə törədilən təxribatlar da, məhz bu narahatçılığın bariz nümunəsidir. Lakin Azərbaycan dövlətinin gücü, xalqının mətanəti, ölkəmizin yetişdirdiyi dəyanətli övladlar Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə və tökülən qanların əvəzini çıxmağa hazırdırlar və bunu edəcəklər".

AzNews.az