Qarabağdakı qəfil “mini-müharibə”nin şok sirri – Təhlil

4 Avqust 2014 07:12 (UTC+04:00)
Cəbhə xəttində "rus izi"; Azərbaycanın Moskvanın təsir zonasında qalması üçün çoxtərəfli və riskli geosiyasi oyuna start verildiyi iddia olunur; müharibə imitasiyası fonunda 1-2 rayonumuzun azad edilməsi daha çox kimin marağındadır; uzun fasilədən sonra prezidentləri məhz Rusiyada bir araya gətirmək istəyi təsadüfdürmü?..
"Cəbhə xəttində vəziyyəti öz satelliti Ermənistanın əli ilə qəfil gərginləşdirməklə Moskva sanki Vaşinqtona, Brüsselə və eyni zamanda Bakıya xatırladır ki, o, hələ ki, regionda sanballı təsir vasitələrinə malikdir və münaqişəli situasiyanı özünün sərt nəzarətində saxlayır"


1994-cü ilin may atəşkəsindən sonra bütün cəbhə xətti boyu vəziyyətin bunca geniş miqyaslı və amansız xarakterli kəskinləşməsi olmamışdı. Bu da öz növbəsində yeni Qarabağ müharibəsini başlanmasının mümkünlüyü haqda danışmağa əsaslar yaradır.

Son bir neçə gündə gedən döyüşlərlə bağlı hər iki tərəfdən çoxlu sayda həlak olanlar və yaralananlar, vurulan hərbi texnika, habelə qoşunların yerdəyişməsi və aviasiya uçuşları ilə ilgili ziddiyyətli rəqəmlər səslənir. Erməni tərəfi israrla öz itkilərinin və yaralılarının sayını gizlədir. Ancaq Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına, bəzi başqa informasiyalara əsasən demək olar ki, düşmən bu müddətdə daha böyük itkilərə məruz qalıb.

Cəbhədəki situasiyanın ciddiliyini həm də müdafiə naziri Zakir Həsənovun Türkiyədə öz məzuniyyətini yarımçıq qoyaraq tələsik Azərbaycana qayıtması və birbaşa döyüş əməliyyatları bölgəsinə getməsi, orada təcili hərbi şura çağırması sübut edir. Məhz bundan sonra Azərbaycan ordusu havaya qırıcı təyyarələri qaldırıb, əməliyyat zonasına əlavə hərbi texnika, artilleriya yeridilib və erməni mövqeləri güclü minomyot və raket atəşinə məruz qoyulub.



Yaranmış durumun Azərbaycan və Ermənistan tərəfindən fərqli informativ təqdimatından asılı olmayaraq, hadisələrin bu cür inkişafı döyüş əməliyyatları xronikasını xatırladır. Artıq dörd gündür təmas xəttində güclü döyüşlər gedir, qanlar tökülür, vəziyyət yüksələn xətlə gərginləşir, "hərbi əzələlər" şişirdilir. Son illər yalnız iki dəfə təxminən belə vəziyyət qeydə alınıb. Lakin onların heç biri miqyas və yeni müharibənin başlama riskləri etibarilə indiki ölçüdə olmayıb.

Onlardan biri 2012-ci ilin iyununda ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Güney Qafqaza səfər edəndə və Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində yaşanıb. İkinci dəfə də bu ilin yanvarında - yenə Parisdə prezidentlərin görüşünü hazırlamaq üçün bir araya gələcək xarici işlər nazirlərinin görüşü ərəfəsində eyni gərgin situasiya yaranıb.

Bu mənada vəziyyətin əvvəlkilər kimi növbəti dəfə təsadüfdən və spontan dəyişməsinə, demək olar, heç kim inanmır. Bütün ekspertlər o qənaətdədir ki, real müharibə əməliyyatları üçün katalizator ola biləcək indiki eskalasiya müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə körüklənib. Sual yalnız belədir ki, kim və hansı məqsədlə buna can atır?

Əgər bütün mümkün versiyalara baş vurmalı olsaq, o zaman etiraf edilməlidir ki, vəziyyəti gərginləşdirmək üçün müəyyən siyasi və situativ-konyuktur motivlər həm münaqişə tərəflərinə (Azərbaycan və Ermənistan), həm də regionun əsas oyunçularına (Rusiya və ABŞ) xas ola bilər. Bununla belə, dünyadakı, postsovet məkanındakı və Cənub Qafqaz regionundakı durumun ümumi inkişafının hərtərəfli analizi əsasən bir versiyaya - "rus izi"nə ("Moskvanın əli"nə) aparır.



Hazırkı gərginləşmənin əsas baiskarının Azərbaycan və ya Ermənistan olmasından asılı olaraq "rus izi" versiyası ikili "konyuktur" ifadə şəklində təzahür edə bilər. Əgər gərginləşmə bizim Müdafiə Nazirliyinin iddia elədiyi kimi, Ermənistandan gəlirsə, o zaman qəti şübhə yoxdur ki, İrəvanın çiyinləri arxasından açıq şəkildə Moskva boylanır. Məsələ ondadır ki, Ermənistanın özündən ötrü status-kvonu dəyişmək məntiqi görünmür və təhlükəlidir. Ancaq nəzərə alanda ki, o, öz müstəqilliyini tamamilə itirib, aydın olar ki, düşmən tərəfdən istənilən təcavüzkar hərəkət xaricdən körüklənir.

Bu versiya kontekstində qeyd eləmək lazım gəlir ki, Rusiya Ukraynadakı situasiyanın onun üçün xoşagəlməz şəkildə inkişafından, Qərbin Putinin neo-imperiya planlarını cilovlamaq üçün göstərdiyi sanksiya səylərindən və Azərbaycanın Gömrük və Avrasiya ittifaqlarına üzvlüyü məsələsində sözəbaxmazlığından açıq-aşkar qıcıqlanıb. Cəbhə xəttində vəziyyəti öz satelliti Ermənistanın əli ilə qəfil gərginləşdirməklə Moskva sanki Vaşinqtona, Brüsselə və eyni zamanda Bakıya xatırladır ki, o, hələ ki, regionda sanballı təsir vasitələrinə malikdir və münaqişəli situasiyanı özünün sərt nəzarətində saxlayır. Üstəlik, hətta rusiyalı ekspertlərin də qeyd elədikləri kimi, özünün imperiya kursunun girovu olan və Qərbin sanksiyaları ilə küncə sıxışdırılan Putin hazırda dayanmaq iqtidarında deyil və az qala, bütün postsovet məkanını xaos və müharibə girdabına qərq eləmək imkanındadır.



Belə bir versiya kifayət qədər əsaslı təəssürat bağışlayır. Həm də o səbəbə ki, Rusiya Cənubi Qafqaz ölkələrinin müstəqil olduğu bu 20 ildə bölgənin bütün problemli hadisələrində "Moskvanın əli"nin görünməsi üçün yetərli tutarqalar və ipucuları verib. Şübhə yox ki, bu iz indiki halda da mövcuddur - ərz elədik ki, Ermənistanın arxasından hələ də Azərbaycana təzyiq edən Moskva boylanır.

Belə bir əsas versiyanı şübhə altına almadan yenə Moskva motivasiyası ilə bağlı olan, lakin əsas versiyaya diametral əks olan başqa bir versiyadan da danışmaq lazım gəlir. Təsəvvür eləsək ki, bu dəfə situasiyanın gərginləşməsi Bakı ilə bağlıdır, onda məntiqi sual yaranır: hansı məqsədlə və hansı hədəfə görə?

Tam mümkündür ki, Putinin emissarları ilə (Narışkin, Roqozin, Lavrov və s.) çoxsaylı və konfidensial iyun görüşlərindən sonra, - bu görüşlərdə Kreml birmənalı şəkildə Bakının Qərbdən məsafə saxlamasına, Gömrük və Avrasiya ittifaqlarına doğru hərəkət etməsinə nail olmağa çalışırdı, - Azərbaycan üçün real pozitivlər (uduşlar) da razılaşdırılıb. Madam ki, Qarabağ, işğal altındakı ərazilər Bakıdan ötrü başlıca problemdir və məhz bu problemə görə hansısa geosiyasi güzəştlərə gedilə bilər, o zaman tamamilə realdır ki, İrəvanı hərbi məcburetmə yolu ilə güzəştlərə sövq eləmək və ya bu hədəfə çatmaqdan ötrü "mini müharibə" aparmaq üçün Moskva Bakıya məhdud və müvəqqəti bir kart-blanş verib.

Hərgah, dərhal digər məntiqli sual yaranır ki, əgər İrəvan Moskvanın əlində sözəbaxan silahdırsa, o zaman müharibə imitasiyası ilə bu cür mürəkkəb kombinasiyadansa niyə də ona müvafiq göstəriş verilməsin? İzah sadədir: həm Moskvaya, həm də İrəvana belə bir anlaşmanı bir-birinin imic və reputasiyasına birbaşa zərbə vurmadan, həmçinin, başqa iki həmsədr ölkənin maraqlarının ifadə olunduğu Minsk Qrupunun əngəllərini məharətlə aşaraq real hərbi proses kimi kamifulyaj eləmək sərfəlidir. Söz düşmüşkən, belə "güc forması" işğal altındakı ərazilər problemini hətta qismən həll eləsə də, xeyli dərəcədə Bakının maraqlarına cavab verir.



Rəsmi Bakının nəzərincə, indi Ermənistana münasibətdə hansısa razılaşdırılmış və doğruya bənzər "güc variantı"nın reallaşması üçün münbit şərait yaranıb: birincisi, Rusiyanın diqqəti güclü şəkildə Ukrayna işlərinə və Qərblə mübarizəyə yönəlib: ikincisi isə, Ermənistan Gömrük İttifaqına qoşulduqdan sonra Qərb dünyasının gözündən geosiyasi baxımdan düşüb. Üstəgəl, Ermənistan sülh prosesində həddən artıq dayanıqsız mövqe sərgiləyir. Bunu prezidentlərin son Vyana görüşünə və Uorlikin təkliflərinə erməni tərəfinin reaksiyası da təsdiqləyib. Rəsmi İrəvan həmçinin, Türkiyənin heç olmasa, bircə rayonun boşaldılması qarşılığında sərhədlərin açılması, əlaqələrin bərpası ilə bağlı təklifini rədd edib.

Üçüncüsü, son zamanlar Azərbaycanın diplomatik, hərbi-siyasi, maliyyə və geosiyasi imkanları hiss ediləcək dərəcədə artıb. Bu gün istər çoxsaylı energetik və tranzit problemlərin həlli kontekstində, istərsə də Qərb-Rusiya kəskin geosiyasi qarşıdurmasında mühüm fiqurant qismində Azərbaycana hələ ki, güclü şəkildə tələbat var.

Görünür, bu imkanları ciddiyə alan rəsmi Bakı müvafiq güzəştlər tələb eləməyə haqqı çatdığını düşünür. Söhbət "demokratik pressinq"in zəiflədilməsi və Ermənistanı güzəştlərə sövq eləmək üçün ona "hərbi pressinq" etmək kontekstində güzəştlərdən gedir. İstisna deyil ki, hər iki məsələdə Bakı müəyyən xarici dəstəyi alıb. Ancaq uzun müddətəmi? Və bütün sonuclar ciddiyə alınıbmı?

Şübhəsiz, Azərbaycanın müharibə eləmək, problemi güc yolu ilə həll eləmək hüququ var. Və yenə şübhəsiz ki, Azərbaycan bütün dinc vasitələrin tükənəcəyi təqdirdə bu hüquqdan istifadə edə bilər və etməlidir. Fəqət, bu zaman başlıcası odur ki, bütün risklər və nəticələr hesablansın, götür-qoy edilsin və uğurumuz suverenliyimiz hesabına olmasın.

P.S. Yazı hazırlanarkən məlumat gəldi ki, avqustun 8-də Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq. Bəllidir ki, belə bir görüşün baş tutması üçün az öncə Fransa fəal şəkildə çalışıb. Görünür, prezident Ollandın təklifi fiasko olandan sonra təşəbbüsü yenidən Moskva ələ keçirib. Bu xüsusda, yəni gözlənilən Soçi görüşü kontekstində cəbhədə vəziyyətin qəfil kəskinləşməsi daha böyük siyasi anlam qazanmış olur və "Rusiya izi" haqda ehtimal güclənir. Son sual budur ki, Moskva real təhdidlə və ya müharibə imitasiyası ilə kompromislərə kimi məcbur edəcək - Bakını, yoxsa İrəvanı?

Müsavat