Boinq 777-nin qalıqları hələ də axtarılır

4 Avqust 2014 07:51 (UTC+04:00)
Ukraynanın şərqində separatçılar tərəfindən raketlə vurulduqdan sonra qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları hələ ki, tam aşkarlanmayıb.

ANS PRESS-in məlumatına görə, bu istiqamətdə işlərin gücləndirilməsi üçün təyyarənin düşdüyü bölgəyə əlavə 100-dən çox ekspert göndərilib. Ekspertlər ATƏT rəsmilərinin də müşahidəsi altında axtarış sahəsini genişləndiriblər. Hazırda Rozsipne kəndində axtarış əməliyyatları icra olunur.

Təhqiqatçılar, eyni zamanda, üsyançıların nəzarəti altında olan ərazilərə də giriblər. Axtarış əməliyyatlarının təxminən 1 həftə çəkəcəyi gözlənilir. Ekspertlər indiyə qədər müxtəlif əşyalara rast gəlsələr də, hələlik insan qalıqlarına rast gəlməyiblər.

İyul ayının 17-sində baş verən hadisə zamanı əksəriyyəti Hollandiya vətəndaşı olmaqla 298 nəfər ölmüşdü. İndiyə qədər cəmi 200 nəfərin meyitləri tapılaraq ölkəsinə göndərilib.

Təyyarənin qara qutuları deşifrə edilən zaman məlum olub ki, pilotlar kabinəsində qəzadan bir neçə saniyə əvvəl hər şey qaydasında olub. Səs registratorunda qeydə alınan səsin pilota aid olmadığı təsdiqlənsə də, həmin vaxt ekipaj üzvlərinin qəribə heç bir şeylə rastlaşmadıqlarının aydın hiss edildiyi bildirilir.

AzNews.az