Jurnalist-QHT Koalisiyasından müharibə - BƏYƏNATI

4 Avqust 2014 11:25 (UTC+04:00)
Jurnalist-QHT Koalisiyasının son günlər yaranmış cəbhədəki gərgin vəziyyətlə bağlı bəyanat yayıb. AzNews.az həmin bəyanatı təqdim edir:

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması, hərbi əməliyyatların intensivləşməsi ciddi narahatlıq doğurmaqda, barış mesajlarının səsləndiyi Cənubi Qafqaz regionunda yeni müharibə kabusunu alovlandırmaqdadır.

Sülhsevər Azərbaycan Respublikası illərdir ərazisinin 20 faizinin işğal altında qalmasına, bir milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün həyatı yaşamasına baxmayaraq, bölgədə savaşın təkrar baş verməməsinə çalışıb, mövcud istiqamətdə bütün imkanlarını səfərbər edib. İstər Azərbaycan dövləti, istərsə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri müxtəlif səviyyəli toplantılarda ölkəmizin haqq səsinin dünyaya çatdırılmasına, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin təbliğinə üstünlük verib. Ötən 20 ildən artıq müddət ərzində konflikt ətrafındakı vəziyyətin təfərrüratlarına aydınlıq gətirilib, Dağlıq Qarabağ həqiqətləri fonunda Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətə çatdırılıb.

Təəssüflə bildirməliyik ki, dünya ictimai rəyi nəticə etibarilə Ermənistanın illərdir davam edən işğalına biganə qalıb, BMT kimi nüfuzlu qurumun Dağlıq Qarabağ münaqişəsinə dair çıxardığı dörd qətnamənin icra olunmamasına göz yumub. Zaman-zaman Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması, cəbhə xəttində baş verən silahlı insidentlər və nəhayət 2014-cü il avqust ayının ilk günlərindən başlayaraq gərginliyin ən yüksək həddə çatması məhz təcavüz faktına münasibətdə ciddi ölçü tədbirinin götürülməməsindən qaynaqlanıb.

Sıralarında Azərbaycanın media birliklərini cəmləşdirən Jurnalist - QHT Koalisiyası hazırkı şəraitdə dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlara, Azərbaycan torpaqlarının işğalı faktına daha həssas yanaşmağa çağırır. Qurum bildirir ki, beynəlxalq aləmin zaman-zaman ikili standartlar siyasətinə üstünlük verməsi Azərbaycan torpaqlarının işğal altında qalması reallığını doğurub. Bu isə əsrlərdən bəri formalaşmış dünya düzəninin diqtə etdiyi dinc və birgəyaşam qaydalarına zidd status-kvo formalaşdırmaqla bərabər, sülhsevər Azərbaycan xalqının təməl hüquqlarına münasibətdə böyük sayğısızlıqdır.

Cənubi Qafqaz regionunda sülhə və əminamanlığa ciddi xələl gətirən vəziyyətin aradan qalxması zərurətini vacib sayırıq. Dünya dövlətlərindən cəzasızlıq mühitini doğuran ikili standartlar siyasətindən daşınmağı tələb edirik. Jurnalist - QHT Koalisiyası olaraq onu da bəyan edirik ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyin görünməmiş yüksək həddə çatdığı hazırkı şəraitdə təcavüzkar Ermənistana qarşı ciddi tədbirlərin görülməsi, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə dair dörd qətnaməsinin dərhal icra olunması təkcə Azərbaycanın media ictimaiyyətinin və bütövlükdə cəmiyyətinin arzu və istəyinin təntənəsi deyil, həm də dünyada ədalətin bərpası istiqamətində atılacaq ən böyük addım olardı. Mütərəqqi beynəlxalq ictimaiyyəti bu addımı atmağa, Azərbaycan xalqının haqqını özünə qaytarmağa çağırırıq.

Hörmətlə,
Jurnalist-QHT Koalisiyası