İtkin düşən azərbaycanlı iş adamları Ukrayna hərbçiləri tərəfindən tapıldı

4 Avqust 2014 12:35 (UTC+04:00)
Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində itkin düşən Azərbaycan diasporunun iki üzvü, iş adamları Cahangir Əliyev və İkram Ədilov tapılıblar.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, azərbaycanlı iş adamlarının itkin düşdükləri ərazi Ukrayna ordusu tərəfindən separatçılardan azad olunduqdan sonra onlar tapılıblar və hazırda Xarkov şəhərindədirlər.

R. Uğurluyev qeyd edib ki, İ. Ədilovun üzərindəki şəxsi silahının sənədləri olmadığından hələ ki onlar Ukrayna hüquq-mühafizə orqanlarının nəzarətindədirlər: "Güman edirik ki, tezliklə bu problem həll olunacaq və onlar sərbəst buraxılacaqlar".

Qeyd edək ki, hər iki iş adamı iyulun 30-da biznesləri ilə əlaqədar Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedib və həmin ərazi separatçılar tərəfindən bombalandıqdan sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan 1964-cü il təvəllüdlü Cahangir Əliyev əslən Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.

AzNews.az