Ərdoğanın Azərbaycana səfərinin proqramı açıqlandı

11 Sentyabr 2012 10:22 (UTC+04:00)


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin proqramı açıqlanıb. AzNews.az-ın məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Məlumata görə, səfər zamanı Türkiyənin Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Toplantıdan sonra təkbətək görüşün və sənədlərin imzalanması mərasiminin keçirilməsi gözlənilir.

Səfərdə Türkiyənin Baş naziri ilə yanaşı, ölkənin iqtisadiyyat naziri Zəfər Çağlayan, energetika və təbii resurslar naziri Taner Yıldız da iştirak edəcəklər. Ərdoğan səfər öncəsi keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə regiondakı prosesləri müzakirə edəcəklər.

"Türkiyə Azərbaycana hər zaman dəstəyini əsirgəməyib və bundan sonra da əsirgəməyəcək" Ərdoğan deyib. Baş nazirin sözlərinə görə, Azərbaycana səfəri zamanı ölkənin tarixi Şəki və Zaqatala rayonlarını da ziyarət edəcək. Qeyd edək ki, Ərdoğanın Azərbaycana səfəri bu gün başlayır.

AzNews.az