Ermənistan hakerləri saytlarımızı hədəfə alıblar

4 Avqust 2014 15:22 (UTC+04:00)
Ermənistan hakerlərinin Azərbaycan saytlarına hücumları davam edir. Son günlər isə bu hücumlar bir qədər də intensivləşib. Belə ki, axır 2-3 gün ərzində Azərbaycanın bir sıra tanınmış saytlarına, o cümlədən APA holdinqə daxil olan media orqanlarına və AzNews.az saytına açıq İP ünvanlarından müdaxilələr edilir. Bununla bağlı Azərbaycan İnternet Forumu (AİF) da məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı milli infromasiya resurslarımız, xüsusilə də İnternet media resurslarının normal fəaliyyəti üçün təhlükələr artıb . Populyar və ictimai rəyə real təsirə malik internet media qurumalrının dayanıqlı fəaliyyəti üçün daha ciddi təhlükələr ola bilər. Son dövrlərin müharibələri də göstərir ki, yerli və beynəlxalq ictimai rəyi öz xeyirlərinə dəyişmək üçün adətən əks tərəfin milli İnternet resursları, xəbər portalları sıradan çıxarılır.

Müasir müharibələrin tərkib hissəsi olaraq infromasiya müharibəsinə hazırlıq və onun aparılması çox ciddi əhəmiyyət kəsb edən faktora çevrilib. Görünən odur ki, hazırda Ermənistan tərəfi və onların xaricdəki lobbiləri var qüvvələri ilə bundan istifadə edirlər. Artıq bir neçə İnternet xəbər resursumuz haker hücumuna məruz qalıb. Onlar Azərbaycana qarşı sistemli formada informasiya müharibəsi aparır, həm beynəlxalq və eləcədə öz daxillərində ictimai rəyin manipulyasıyasından məharətlə istiafdə edilir.

AİF bildirir ki, indiki məqamda milli informasiya resurslarımızın sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi çox vacibdir. Gündəlik monitorinq tətbiq edilməlidir. Media qurumunun trafiki nəzarətdə saxlanılmalıdır. Peşəkar mütəxəssislər cəlb edilməli və ya mütəxəssislərlə əlaqələr gücləndirilməlidir.

AİF qeyd edir ki, İnternet xəbər portallarının yalnız xarici hostlardan deyil, həmçinin alternativ hostinqlərdən, xüsusilə yerli Delta Telekom şirkətinin də hostinqlərindən istiafdə etməsi faydalı olardı. İnternet resursun burada yerləşməsi, baş verən fəsadların daha opertaiv aradan qaldırılmasına köməklik edərdi. AİF bildirir ki, bu arada RYTN yanında Elektron Təhlükəsizlik Mərkəzinin (Qaynar xətt: 1654), XDMX İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin və Delta Telekom Data Mərkəzinin (+994 12 431 14 20; (daxili)107; mobil: 050-203-12-95) daha aktiv formada fəaliyyətinə ehtiyac var. Bu qurumlarda qaynar xətt sistemlərinin daha çevik fəaliyyəti təmin edilməlidir. Xüsusilə də indiki məqamda ETM tərəfindən İnternet media resurslarımızın dayanıqlı fəaliyyətinin təmin edilməsi, yeri gələndə zəruri metodiki-informasiya və texniki dəstəyin göstərilməsi çox vacibdir.

İntiqam Valehoğlu
AzNews.az