ABŞ Azərbaycanlıları Ermənistana qarşı kampaniyaya başlayıb

4 Avqust 2014 22:01 (UTC+04:00)
ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Ermənistanın kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını ilə əlaqədar xüsusi kampaniyaya başlayıb.

ABŞ Azərbaycanlıları şəbəkəsindən Lent.az-a verilən məlumata görə, kampaniyanın məqsədi ABŞ ictimaiyyətini baş verən hadisələr və ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə daha obyektiv məlumatlandırmaqdır. Təşkilatın kampaniya ilə bağlı açıqlamasında bildirilir ki, Ermənistan rəhbərliyi 1994-cü ildən atəşkəs haqqında müqavilə imzalamasına baxmayaraq müharibə oyadan siyasətini davam etdirir.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin atəşkəs rejiminə riayət etməyin zəruriliyi barədə çağırışını xatırladan Şəbəkə Ermənistanın bu cür çağırışlara heç bir əhəmiyyət vermədiyini vurğulayıb. Açıqlamada qeyd olunur ki, Ermənistan 1994-cü ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal altında saxlamaqda davam edir. "BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların qaytarılmasını tələb edən dörd qətnamə (822, 853, 874, 884) qəbul edib. Ermənistan tərəfi isə bu qətnamələri yerinə yetirməkdən imtina edir".

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Ermənistanın təcavüzkarlıq və separatizm xarakteri daşıyan siyasətinə görə beynəlxalq ictimaiyyət tərəfindən ittiham olunmasının zərurliyini bildirərək, Ermənistan hökumətinin anneksiya siyasətini dayandırması üçün təcili tədbirlər görülməli olduğunu vurğulayıb.

USAN-ın açıqlamasında daha sonra ABŞ hökumətini Ermənistan hökumətinə təzyiq göstərməyə, onun hərbi işğalını pisləməyə və Ermənistana hərbi maliyyə yardımını kəsməyə çağırıq qeyd olunur.

Qeyd edək ki, təşkilat bu kampaniyanı genişləndirməyi və bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlamağı planlaşdırır.

AzNews.az