Bir evdən deyil, bir eldən gedən oğul! - Şəhid ailəsindən Reportaj
5 Avqust 2014 10:02 (UTC+04:00)
              ŞƏHİDİN SON ARZUSU:  "ATAM  NARAHAT  OLMASIN..."
Bu yazını müstəqilliyimiz, Vətən torpaqları uğrunda
                                                Şəhid olan bütün  Vətən oğullarına həsr edirəm
        Dünyanın çox az yerində şəhidlərə  dəniz  layla çalar. Bizim Xəzər dənizi şəhidlərimizə layla çalır. Sumqayıtda, həm də Bakıda   Şəhidlər Xiyabanları  Xəzərlə üz-üzədir:
                       Laylay beşiyim laylay
                       Evim-eşiyim laylay!
                       Sən get şirin yuxuya,
                       Çəkim keşiyin laylay!!     
         
       Vətənin keşiyini çəkməyə gedənlərə, indi laylanı  ağ saçlı Xəzərim, bir də anaları, sevənləri çalırlar.
 
       Sumqayıtın 300-dən çox şəhidi var. 1992-ci ildən başlayan  qanlı Vətən müharibələrində  canlarından keçdilər.  Sonuncu sınaq döyüşlərində daha bir şəhidi də artdı Sumqayıtın.  Ötən  atəşkəs dövründə  müharibə bölgələrində  qəfil və ya nagahan düşmən gülləsindən ölən şəhidlərimizə  verilən  dəyər son aylarda  təsəlli yeri oldu.  İndi  cəbhə bölgəsində fəda olan əsgərlərimiz sayğı ilə, hərbi qaydalara uyğun  torpağa tapşırılır.
     ... Dünyada ən ağır görüş balasını itirmiş ata və ana ilə olan görüşdür. Elə  bilirsən ki, səndə də günah var. İtkisi olan qapıya yaxınlaşanda ürəyini ələk-vələk edirsən ki, bu acı yükü çəkənlərə təsəlli olan bir söz tapılarmı?!   O yük çəkilməz, o ağrının adı olmaz.  O yükün altına çiyin verən valideynlər ikiqat qəhrəmandırlar.
  
       Nağıllarımızda, dastanlarımızda, tariximizdə  igid doğan anaların övladının döyüşdə  həlak olmasından sonra şax dayandığını, sınmadığını oxumuşduq.  Bu gün o analardan biri ilə tanış oldum - Solmaz Abdinova. İki gün öncə Vətən torpaqları uğurunda  qəhrəmanlıqla həlak olmuş , Azərbaycan Respublikasının  "İgidliyə görə 3-cü dərəcəli medalı"  ilə təltif olunmuş Hüseyn Etibar oğlu Abdinovun gənc anasını tanıdım.  Tomris ana kimi dayandı.  Canında təpər tapdı,  evinə gələn-gedənləri, başsağlığı verənləri  mərdanə, mətanətlə  qarşıladı.  Sonra mənimlə söhbətə başladı. Hərdən bir oğlu haqqında xatirələrini  danışanda  gülümsədi də...   
Aman amana qaldı,   
Halım yamana qaldı.
Bala, səni görməyim, 
Axır zamana qaldı.
     1995-ci il aprelin 10-da dünyaya gəlmişdi. Onda  atəşkəsdən 1 il  ötməmişdi. O zaman balaca Hüseyn heç bilmirdi ki, Azərbaycan müharibə şəraitində yaşayır.  Bütün kasıb ailələr kimi qismətləri, nəsibləri  bir qarınlıq çörək idi. Ölkənin hər yerində çətinlik var idi. Atası dəmir yolunda fəhləlik edir, axşam süfrəsinə gətirdiyi tikəsinə "şükrançılıq" deyirdi." Stansiya Sumqayıt"-  deyilən  yaşayış massivindəki əksər  sumqayıtlılar kimi kasıbçılığın köçünü sürüdülər.  Əslində, babası Hüseynin  (Hüseynə babsının adını veriblər) 7 oğlu qızı var idi. Etibar isə kasıbçılıq ucbatından iki uşaqla kifayətlənmişdi.  Elə o müharibə illərindən bu günə qədər əhalinin çoxu kasıbçılıqdan  1,2,3 uşaqla kifayətlənməli oldular.  Ədabazlar, farmazonlar  əziyyət çəkməməkçün az uşaq istədilərsə, kasıblar  yoxluqdan  çox uşaq istəmədilər ki, kiçik maaşla  necə  dolanacaqlar? !
      
... Gün batmışdı deyə, məclisə gəlib gedənin ayağı kəsildiyindən  Hüseyn haqqında xatirə danışanlar  qohum-əqraba, bibi-xalalar, bibiqızı, dayıqızı, əmioğlanları oldular. 
        Bibisi qızı Ülkər dil boğaza qoymadı ki... Hüseynin cikini-biçini açıb tökdü. Gizli sevgisindən danışdı. Kasıbçılıqdan Hüseyn  9-cu sinifdən sonra məktəbə az-az gedirmiş.  Məktəbə getmədiyi  hər günü  ata-anasına kömək etmək, 5 manat artıq pul qazanmaq üçün fürsət idi. Məktəbə az getsə də, gözü könlü eyni sinifdə oxuduğu mavigözlü, sarışın gözəli tutubmuş.  (Milli adət-ənənlərimizə hörmət əlaməti olaraq sevdiyi qızın adını yazmayacağam. — müəllif). Hələ uşaq yaşlarından  ondan qabaq sırada oturan sarışın qızı cırnadar, hörüklərini  dartar, ya çantasına məktub qoyar, ya da ki, onunla bir sinifdə oxuyan bibisi qızı Ülkərlə xəbərlər göndərərdi. Əvvəl sinif  uşaqları  elə bilirdilər ki, ötüb keçər... lakin ,  aylar- illər ötdükcə Hüseyn  qıza daha da çox bağlanırdı. Hətta 9-cu sinifdə oxuyanda , işləyib qazandığı pulla  bayramların birində ona  qızıl boyunluq da hədiyyə etmişdi. Güc-bəla ilə Ülkər bu hədiyyəni  qardaşının sevdiyi qıza verə bilmişdi.  Əsgər gedəndə də Ülkərə tapşırmışdı ki, qıza de, məni gözləsin... bəlkə qayıtdım...  Ülkər də qızdan dil almışdı. Qız qayıdıb Ülkərə nə desə yaxşıdır?!  -"Anam bilsə məni öldürər, ancaq  de ki, mən də onu bir balaca istəyirəm...". Beləcə qəlbində bir sevgi ümidi ilə getmişdi cəbhəyə bu balaca, çəlimsiz oğlan...  Bu faciəni eşidən o mavigözlü , sarı saçlı qız  neçə gündür ki,  Tomris ana kimi müqəddəs Solmaz ananın yanına gəlmək istəyir,  lakin yarasının közünü qoparmağa ürək eləmir. Qızcığaz  neçə  gecədir  ki, yerinin içində qovrulur,  səhərləri diri gözlə  açır...  Çoxda kı Solmaz  xanım deyir ki, "Vətən sağ olsun!!! --  hələ ki, yarası qaysaqlanmayıb, hələ ki, baş verənlərin fərqində deyil, hələ ki, havalıdır, hələ göynərtisi bundan sonra göynədəcək, hələ gəzdiyi, ayağı dəydiyi yerlər  bundan sonra yandıracaq qəlbini...
                  
  Mən aşiq göyəm yerlər,
                    Göyərmiş göyəm yerlər.
                    Mənə nişanə qaldı,
                    Ayağın dəyən yerlər...    
Analar yanar ağlar,
Günləri sanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.
      
 Hüseyndən 2 yaş böyük olan bacısı  Aysel danışa bilmədi...  Özünü şax tutmağa çalışdı. Danışmaq istədi... səsi titrədi... sözlər boğazını, ürəyini yandırdı. Qonşuları  ağbirçək İntizar xala onun əvəzinə dedi:
Ağlayan başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Qardaşı ölən bacı,
Durar,obaşdan ağlar.
       Solmaz  xanım  dedi ki, özü də  qəsəbədəki  hərbi hissədə işləyir. Hüseyn  hərbiyə könüllü gedib. Baxıb ki, onun yaşında olan oğlanları  əsgərliyə çağırıblar.  Durub gedib Sumqayıtdakı hərbi  komissarlığa. Deyib ki, gəlmişəm.  Buradakı hərbiçi uşağa əvvəl bir hərbə-zorba gəlib ki, indiyə qədər hardaydın? Get valideninlə gəl. Səhəri gün anasına qoşulub gedib. Məlum olub ki,  səhlənkarlıq hərbi komissarlığındır. Hüseyn Abdinov yada düşmürmüş.  Uşaq tez-tələsik  hərbə aid sənədlərini toplayıb.  Bu ilin yanvarın 25-i isə  gecə saat 12-də evdən çıxıb.  Dünən yas yerində bir qohumları deyib ki, hərbi komissarlıqda  son dəfə  Hüseyn Abdinovu görənlərdən olub. Soruşub ki, bala hara düşmüsən?! Uşaq cavabında deyib: "Bibi Ağdama düşmüşəm. Ora gedənlər də çox vaxt qayıtmır".  Solmaz danışır ki,  neçə dəfə  türk televiziyalarında şəhidlərin dəfni mərasimlərinə və ya onlara  həsr  olunan kinolara baxandan sonra deyirmiş ki, "Nə xoşbəxtdir ki, şəhid olub. Kaş mən də əsgər gedəndə şəhid olaydım".  Solmaz deyir ki, bir neçə dəfə bu sözləri deyəndə üstünə çımxırdım ki, ağzından yel aparsın...
        Qız- gəlinlə söhbətimi bitirib, keçdim  qapısında qırmızılı-qaralı lent bağlanan həyətə...  Şəhid Hüseyn Abdinovun atası Etibarla söhbət etdim.  Dedim bəlkə bir yuxu zad görmüşdün qardaş?!
      -Həmin gecə yuxumda gördüm ki, Ağdamdayam. Oğlumun yanına  getmişəm. Oturub söhbət etdim. Durub qayıdanda mənə dedi ki, ata məzuniyyətim var. Dayan bir yerdə gedək. Apar məni... – Səhər yuxudan ayıldım, fikir məni götürdü. Öz-özümə fikirləşdim ki, uşağın başında nə iş var?!
       Sonra  oğlundan danışdı:
      -Durum deyim ki, oğlum yaxşı  oğlan idi, deyəcəksiniz ki, balasını tərifləyir. Hüseyn lap kiçik vaxtlarından çox zəhmətkeş idi. Elə hey istəyird ki, hər işdə mənə kömək etsin.  Təkcə mənə yox, bu qohum-əqrabanın, qonum-qonşunun bütün xeyrinə-şərinə yarayardı. Bir balaca boyu vardı, dam dolusu toyu vardı—misalı elə bil onun üçün deyilmişdi.  Heç yadımdan çıxmayacaq,  iki il bundan əvvəl özünün fəhləlik edib qazandığı pulla  bu həyətdə mənim  50 illik yubileyimi təmtəraqla  keçirtdi. Belə oğulu necə unudum?! Ancaq qəddimi şax tutmuşam.  Biz şəhid verməyə öyrəncəliyik.  Bir əmim oğlu da Rəfail Abdinov 10 il bundan əvvəl şəhid oldu.  Hüseyni  gətirən əsgərlərdən, zabitlərdən oğlumun necə  yaralandığını, necə öldüyünü soruşdum. Dedilər ki,  səngərdə  əvvəlcə  başının  sol tərəfindən  güllə keçib, boynunu  sıyırıb. Lakin yixilmayıb. Ayağa durub, silahini alıb  döyüşməyə başlayıb. Bir az keçmiş isə düşmənin atdığı güllə sol qolunun  altından keçərək kürəyindən çıxıb. Ağdamın  yaxınlığındakı  N saylı xəstəxanaya çatdırılandan  20 dəqiqə sonra keçinib.  Son sözü: "Atama deyin narahat olmasın..."- olub. 
                               
Ağdamdı , xam yeridi,
                               Vətəndi can yeridi.
                                Qolumdan güllə dəydi,
                                Solumdan qan yeridi.
    
Durna sanınnan keçər,
Ötər, yanınnan keçər.
İgid vətən yolunda,
Ölər, canından keçər.
      Dayısı, əmiləri də çox xatirələr danışdılar. Dedilər ki, bu balaca cılız qəhrəmanın qəlbində nə qədər həyat eşqi var imiş...  Hətta əsgər gedəndə  dayısına deyib ki,  gəlib evimizi tikib bitirəcəyəm.   Onu yola salmaq üçün  qurulan məclisdə isə "Cütçü" oynayıb.  Özü də ki, elə oynayıb ki,  qohumların çoxu onun bu rəqsinə heyran qalıb... Atası Etibar isə neçə il bundan əvvəl oğlu üçün əlavə  ev tikməyə başlayıb. Evi tikib bitirib, içərisinə gəlin gətirəcəkdilər...  Etibarın  olan qalan bir oğlu var idi... Onn Vətən uğrunda qazandığı medalına sahib oldu... Bu həyətdə  toy çalmaq istəyirdilər... bütün atalar-analar kimi... Allah ermənini, ona zəhər verən kərtənkələlərin evini yıxsın... neçə-neçə  arzu kamı gözdə qoydular.  Oğul Vətənin keşiyini çəkmək üçün doğulur, oğul Vətən, Vətən oğul əmanəti deyillər...  Nə yazıqlar olsun ki,  18-19 yaşlı balalarımızı cəbhəyə aparanda, onların  bir çox ailələrdə tək olmasını nəzərə almırlar.  Ancaq  nə gözəl ki, vətən uğrunda, torpaq, bayraq uğrunda  şəhid olmaq da hər kəsin taleyinə yazılmır.  Bizim son  1 həftədə canından keçən balalrımız  bu Vətən uğrunda ölməyi bacardılar. Həm Vətənimizə, həm ailələrinə, həm nəsillərinə şərəf gətirdilər.  Qonşular dedilər ki, çox kasıb yaşayan Abdinovlar ailəsi  həyət bacanın, evlərinin bərbadlığından xəcalət çəkirmişlər. Lakin  Tanrı  bu ailəni  elə şərfləndirdi ki... Xəcaləti Azərbaycanda uşaqlarını hərbdən yayındırıb qaçırdanlar, müharibə qurtarmayınca xaricdə  işlədənlər, oxudanlar, göyərdənlər, yekəldənlər, şişirdənlər, qudurdanlar çəksinlər. Onlara  belə şərəf  - Vətən qeyrəti çəkmək şərəfi, o uca ŞƏHİD  adına yüksəlmək  şərəfi heç vaxt qismət olmayacaq!!! Onlar utansınlar!!!
Dağların şaxta, qarı,
Dörd yanı oldu barı.
Kasıb balası  şəhid 
Kəsilsin qaydaları.
       P.S:  Sonda Hüseynovlar ailəsi bir istəkdə bulundular. Dedilər ki, dövlətimizdən bir xahişləri var:  Hüseyn Abdinovun təhsil aldığı 43 saylı məktəbə Hüseynin adını versələr, bu məktəblilərin və məktəbin tarixinə yazılar. Uşaqlarımızda Vətənpərvərlik  hissini artırar.  Və yaxud da  100 ildir  "Stansiya Sumqayıt " adlanın qəsəbənin adını "Hüseynoba", "Hüseynabad" qoysalar, bu yerlərin əhalisi də fəxarət duyar. Çünki, Hüseyn  Abdinov bir evdən deyil, bir eldən gedən oğuldur!!!
Aida EYVAZLI