Nabrandakı hadisəyə görə tutulanlara hökm oxundu

5 Avqust 2014 15:56 (UTC+04:00)
Bu gün Xaçmaz rayon Məhkəməsində ötən il iyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin növbəti məhkəmə prosesi keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Təqsirləndirilən Əhmədov Ramiz Süleyman oğlu 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il, İbrahimov Firdovsi Ağamusa oğlu, Rəşad Zərbəliyev və Aslan Hacıməmmədkərimov hər biri 4 il müddətində azadlıqdan məhrum edilib.

Bundan əlavə, məhkəmə Ramiz Əhmədovun və CTF şirkətinin zərərçəkmişə 70 min AZN ödəməsi barədə qərar çıxarıb. Eyni zamanda, məhkəmə R. Əhmədovun dövlət büdcəsindən yayındırdığı 2551.72 manat dövlət büdcəsinə ödənilməsi barədə də qərar qəbul edib.

Qeyd edək ki, İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən "Nabran Holiday Village"nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.

Hadisə bağlı 4 nəfər Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu, Əhmədov Ramiz Süleyman oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev təqsirləndirilən şəxs qismində barələrində həbs qətiimkan tədbiri seçilib.

Respublika Baş Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, 2013-cü il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ. Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Aqupark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ. Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

AzNews.az