Tələbə qızlar əsgərlərə müraciət etdi

5 Avqust 2014 17:19 (UTC+04:00)
Cəbhədə baş verən son olaylar Azərbaycan cəmiyyətinin gündəməindən düşmür.

20 ildən bu yana ilk dəfə cəmiyyət bütöv olaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün bütün gücünü ortaya qoydu.

Vətən yolunda Şəhid olmuş oğulların dəfnində ölkənin hər bir tərəfindən gələn insanlar iştirak etdi. Torpaqlarımız uğrunda itkilər nəinki insanlarda əhval-ruhiyyəni aşağı saldı, əksinə hamı bir nəfər kimi Vətən uğrunda mübarizəyə qalxmaq əzmini nümayiş etdirdi.

Bu, Azərbaycanın gənc qızlarına da ciddi təsir edib.

Bir qrup tələbə qızların "Lider Qadınlar" Birliyinə etdikləri müraciət bunu deməyə əsas verir.

Birliyin sədri, millət vəkili Məlahət İbrahimqızı Modern.az saytına bildirib ki, bir neçə gündür ki, gənc qızlar, xüsusilə tələbələr cəbhədə baş verən son hadisələrlə bağlı onlara müraciət edir, cəbhə bölgəsinə getmək istədiklərini bildirirlər: "Azərbaycan qızlarının bu addımı əsgərlərimizin son günlər göstərdikləri şücaətdən irəli gəlir. Çox maraqlı müraciətlər var.

Subay gənc qızlarımız açıq şəkildə bildirirlər ki, onlar gələcək həyat yoldaşlarının Milli Qəhrəman Mübariz İbrahimov kimi, bu günlərdə şücaət göstərərək həlak olumuş şəhid əsgərlərimiz kimi qəhrəmanlar olmasını arzulayardılar. Vətən, millət və dövlət yolunda hər an canından keçən Azərbaycanlının həyat yoldaşı olmaq fəxredicdir. Qızlarımızın bu müraciəti mənə müsbət mənada çox təsir etdi. Son günlər baş verən olaylar bir daha göstərdi ki, Azərbaycanda Vətənpərvərlik ruhu çox yüksəkdir və bu, birbaşa Ali Baş Komandanımız İlham Əliyevin xidmətidir".

AzNews.az