“Rusiya bu yolla Azərbaycana təzyiq eləmək istəyir” - Politoloq

6 Avqust 2014 13:57 (UTC+04:00)
"Qarabağla bağlı informasiya siyasəti bərbad vəziyyətdədir və bunun üzərində ciddi düşünmək lazımdır. Məsələ mütləq diqqətdə saxlanılmalıdır".

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Ərəstun Oruclu döyüş bölgələrində atəşkəsin pozulması ilə əlaqadar vəziyyəti təhlil edərkən deyib. Politoloq bildirib ki, döyüş bölgələrində atəşkəsin pozulmasının iki başlıca səbəbi var: "Birincisi, avqustun 8-9-da Soçidə prezidentlərin görüşüylə bağlı məlumat yayılmışdı və bu, əsassız məlumat deyildi. Həqiqətən də belə bir görüş planlaşdırılmışdı. Ola bilsin ki, Ermənistan bu görüşün gündəmini dəyişmək, yaxud ümumiyyətlə görüşü təxirə salmaq məqsədi ilə belə bir təxribata əl atdı. Eyni zamanda Qərbin, konkret olaraq Amerikanın 7 rayonun Azərbaycana qaytarılmasını gündəmə gətirməyi Ermənistana sərf eləmir".

Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə planlaşdırılan görüşünün baş tutmamasında Rusiya da maraqlı ola bilər: "Məqsəd bu idi ki, Azərbaycan tərəfi görüşdən imtina eləsin, ya da görüşdə başqa bir məsələ müzakirə olunsun. Yəni, atşkəsin pozulmasını gündəmə gətirsinlər. Atəşkəsin pozulması məsələsi gündəmə gəldiyi təqdirdə həmin 7 rayonun qeyri-şərtsiz qaytarılması gündəmdən çıxır". Politoloqun fikirincə, vəziyyətin bu həddə çatmağının başqa bir səbəbi Rusiyanın Avrasiya İqtisadi Birliyinə bəslədiyi ümidlərin doğrulmamasıdır. Çünki Putinin elan elədiyi müddətlərdə Avrasiya İqtisadi Birliyinin yaradılması prosesi başa çatmır, ləngimə gedir. Eyni zamanda Azərbaycanın həmin quruma daxil edilməsi Rusiya üçün çox zəruridir: "Rusiya bu yolla Azərbaycana təzyiq eləmək istəyir. Göstərmək istəyir ki, Qarabağ müharibəsinin başlamasından Azərbaycan ağır itkilər verə bilər".

Ə.Oruclu Azərbaycan ordusunun verdiyi itkilərdə müxtəlif yanaşmaların olduğunu dedi: "Təbii ki, həssas geosiyasi durumda Azərbaycan ordusunun itkiləri böyükdür. Atəşkəs dövründə belə itkilər olmayıb. Amma eyni zamanda nəzərə almalıyıq ki, Azərbaycan ordusu belə vəziyyətlərə hazır olmalıydı. Unutmayaq ki, Ermənistan tərəfdən də bu işdə iştirak edənlər şübhəsiz ki, peşəkar terrorçular olub". "Bəs, Azərbaycan bunun cavabını verməlidirmi"- sualına politoloqun cavabı belə olub: "Təbii ki verməlidir. Özü də sərt şəkildə verməlidir. Yoxsa Ermənistan bu cür əməliyyatlarla Azərbaycan üçün bunu adiləşdirəcək. Azərbaycanda baş verənlərlə bağlı müxtəlif fikirlərin yayılması cəmiyyətdə parçalanmalara gətirib çıxarır".

Bahar Rüstəmli
AzNews.az