Kamal Abdullaya böyük səlahiyyət verildi - QƏRAR

7 Avqust 2014 08:23 (UTC+04:00)
Azərbaycan dövləti regionda və dünyanın bir sıra bölgələrində baş verən milli, dini və məzhəbi qarşıdurmaları əvvəlcədən önləmək, profilaktik tədbirlər görmək, problemlərin maarifləndirmə yolu ilə həllinə nail olmaq məqsədilə yerlərdə konkret addımlar atılmasına qərar verib. Artıq ölkədəki dini və milli məsələlərin, bu sahədə yarana biləcək problemlərin həlli üçün idarəçilik mexanizmi yenilənib.

AzNews.az-ın məlumatına görə, yeni qərara əsasən, dövlətin bu sahəyə məsul olan qurumları prosesin yalnız mərkəzdən deyil, birbaşa rayon icra hakimiyyətləri səviyyəsində həlli ilə məşğul olacaqlar. Elə buna görə də rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə edilib. Rayonlardakı komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcəklər. Ümumi nəzarət isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya tapşırılıb. Yeni yaradılan komissiya sədrləri bir başa ona tabe olacaq. Komissiya üzvləri kənd və qəsəbələrdə, ərazi üzrə dini və milli icmalarda görüşlər, tədbirlər keçirəcək.

Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri aradan qaldırmaq səlahiyyətləri də verilib.

Bu məlumat əlaqə saxladığımız rayon icra hakimiyyətlərinin birinci müavinləri tərəfindən də təsdiq edilib. Beyləqan rayon İcra hakimiyyətinin birinci müavini Telman Məstanov isə məlumatı təsdiqləməklə yanaşı, artıq işlərə start verildiyini bildirib.

Onun sözlərinə görə, yeni yaradılan komissiya üzvləri ilə birgə rayondakı məscid və ümumən ibadət ocaqlarında görüşlər keçirilir, dini icma üzvləri ilə əlaqələr genişləndirilir.

Azər
AzNews.az