ABŞ İŞİD-i məhv edəcək- VİDEO

10 Avqust 2014 20:53 (UTC+04:00)
ABŞ-ın hərbi təyyarələri İraqın bir neçə bölgəsində İŞİD qruplaşmasının mövqelərinə növbəti hava zərbələri endirib.

ANS TV-nin məlumatına görə, İraqda Birləşmiş Ştatlar hərbi hava qüvvələrinin özlərini "İraq Şam İslam Dövləti" elan edən qruplaşma üzvlərinin mövqelərinə endirdiyi aviazərbələr kifayət qədər təsirli olub.

Radikal dini qruplaşmaya qarşı mübarizə aparan Peşmərgə kimi tanınan kürd hərbi qüvvələrinin komandiri bu barədə açıqlama verib. General Əhməd bildirib ki, silahlılar aviazərbələr zamanı itkilər veriblər.

Birləşmiş Ştatlar prezidenti Barak Obama İraqdakı vəziyyəti şərh edərkən deyib ki, İŞİD silahlılarına qarşı mübarizə aparmaq müəyyən qədər vaxt alacaq. Obama hazırkı hərbi müdaxilənin nə qədər çəkəcəyi barədə isə heç bir açıqlama verməyib.

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, Amerikalı diplomatları və hərbçi heyətini qorumaq üçün bu müdaxilə vacib idi: "Eyni zamanda, kürd qüvvələri də şəhəri qorumağa davam edir. Amerika və İraq orduları kürd qüvvələrinə dəstək verəcək".

Bir qədər əvvəl Ağ Ev rəhbərliyi İŞİD silahlıları kürd muxtar regionunun paytaxtı Ərbilə hücum edəcəkləri təqdirdə silahlılara qarşı fəal hərbi müdaxilə edəcəyi barədə xəbərdarlıq etmişdi.

Amerika hərbi təyyarələri digər tərəfdən İŞİD-in törətdiyi zorakılıqlardan yaxa qurtarmağa çalışan əhalini ötən gün də humanitar yardımla təmin etməyə çalışıb. Həmçinin, Böyük Britaniya və Fransa da humanitar yardımın çatdırılması prosesinə dəstək verəcəyini bildirib.



AzNews.az