“Valideynlər məsuliyyət hissini itiriblər” – Deputat

11 Avqust 2014 08:02 (UTC+04:00)


"Son hadisələr göstərir ki, valideynlər öz övladlarına biganədir. Heç narahat deyillər ki, uşaq özünü maşının altına atar, pilləkəndən yıxılar, dənizə gedib boğular..."

Bu sözləri AzNews.az-a Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son günlər azyaşlıların bəxt hadisə nəticəsində dünyalarını dəyişməsi məsələlərindən danışarkən deyib. Onun sözlərinə görə, valideynlərin övladlarına diqqəti nəzarəti kəskin şəkildə azalıb: "Bakıda iki ailənin 5 uşağının dənizdə boğulması, Şəmkirdə 4 uşağın Kürdə batması bir daha sübut edir ki, valideynlərin uşaqlara diqqət yetirmək, onlara nəzarət etmək məsuliyyəti azalıb".

Hadı Rəcəbli vurğulayıb ki, televiziya kanallarımızda uşaqlar üçün düzgün proqramların olmaması, mobil və internetdən istifadə zamanı onlara ciddi nəzarət edilməməsi sonda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Komitə sədri valideynləri daha ciddi uşaqlarına nəzarət etməyə çağırıb: "İki ailədən 5 uşağın suda boğulması, bu həm ailə, həmdə ki, ölkə üçün faciədir. Bu çox pis haldır. Amma belə hadisələrin baş verməməsi üçün valideynlər diqqətli olmalı və uşaqları ilə daha sıx təmasda olmalıdır. Mən də uşaq olmuşam və evimiz Lənkəran rayonunda dəniz kənarında idi. Amma buna baxmayaraq, dənizə gedə bilmirdik, bizi buraxmırdılar. Yalnız valideynlərimizlə gedirdik. Onlar bizə çox ciddi nəzarət edirdi".

Amid
AzNews.az