Anar Məmmədov “Bank of Azərbaycan“ı binasından qovdu - FOTO

11 Avqust 2014 11:55 (UTC+04:00)
Son vaxtlar haqqında müxtəlif ziddiyyətli xəbərlər dolaşan "Bank of Azərbaycan" əvvəlki ofisindən çıxarılıb.
AzNews.az-a daxil olan məlumata görə, Rəşid Behbidov küçəsində möhtəşəm bir binada fəaliyyət göstərən "Bank of Azərbaycan" indi İnqilab küçəsi 24-də balaca bir ofisə sığınıb.



Qeyd edək ki, bu bank əvvəl "Zqan Goldinq"in tərkibinə daxil idi. Rəsmi sənədlərdə 2013-cü ilinin yanvarın 22-dək Nəqliyyat naziri Anar Məmmədov Bank of Azerbaijan-ın sənədlərində səhmlərin 81 fazinin sahibi kimi göstərilib.

Anar Məmmədov "Bank of Azerbaijan"nın səhmlərini satandan sonra bank Hafiz Məmmədov və onun qohumlarının əlində cəmləşib.

2014-cu il may ayının 22-də isə Hafiz Məmmədov bankın müşahidə şurasının sədrliyindən, qohumları isə müşahidə şurasının üzvlüyündən uzaqlaşdırılıb.

Son dəyişiklikdən sonra Bankın idarə heyətinin rəhbərliyi millət vəkili Mahir Aslanovun oğlu Məhəmmədəli Aslanova həvalə olunub.

Onu da bildirək ki, "Bank of Azərbaycan" əvvəlki ofisinin yerləşdiyi binanın Anar Məmmədova məxsus olduğu bildirilir.
Yəqin elə bu, banka Məmmədovların nəzarət etdiyi fikrini yaratmışdı. Təsadüfi deyil ki, Hafiz Məmmədovun bank rəhbərliyindən uzaqlaşdırılması onun nazir oğlu ilə aralarında yaranmış problemlərlə əlaqələndirilirdi.

Amma çöküş dövrünü yaşan "Bank of Azərbaycan"ın ofisındən çıxarılması onu göstərir ki, Anar Məmmədov banka nəzarəti tam itirib.

Azər
AzNews.az