Azərbaycan Uşaqlar Birliyi zorakılıq qurbanlarına yardım edəcək- LAYİHƏ

11 Avqust 2014 13:01 (UTC+04:00)


Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Birlik sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihənin məqsədi məişət zorakılığına məruz qalanların hüquqi və psixoloji yardımlara çıxışının təmin edilməsi yolu ilə bu cür şəxslərin reabilitasiyasıdır. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində benefisiarların qaldırılan problemlərlə əlaqədar məlumatlandırılması, onlara hüquqi və psixoloji yardımların göstərilməsi, təhsildən kənarda qalanların dövlət təhsil müəssisələrinə istiqamətləndirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

K.Ağazadə qeyd edib ki, layihə haqqında ictimaiyyətin məlumatlandırılması yerinə yetiriləcək. Həmçinin Azərbaycan Uşaqlar Birliyinin sığınacağında məskunlaşan müvafiq benefisiar qrupuna, həmçinin Bakı və Bakıətrafı, eləcə də, rayonda yaşayan məişət zorakılığına məruz qalıb paytaxta gələn şəxslər arasında ümumən 2 qrup formalaşacaq və onlar üçün məlumatlandırma görüşləri keçiriləcək. Məişət zorakığı qurbanlarına hüquqi və psixoloji yardımlara çıxışa vacib ehtiyacı olanlardan ibarət qrup toplanacaqdır. Tərtib edilmiş benefisiar siyahısına əsasən layihə çərçivəsində ehtiyacı olan benefisiarlara hüquqi və psixoloji yardımların göstərilməsi planlaşdırılır. Burada onların müfaviq dövlət strukturlarına yönləndiriləcək, sənədlərində yarana biləcək çatışmazlıqları aradan qaldırmaq üçün məsləhətlər veriləcək.

Ehtiyacı olan benefisiarlara həm də, psixoloji yardımların göstərilməsi nəzərdə tutulub. Psixoloji konsultasiyalar zamanı məişət zorakılığına məruz qalmış şəxslərin ümumi psixoloji durumu müəyyən edilərək, onlarla iş aparılacaq, normal psixoloji vəziyyətə gətirilməsi fəaliyyəti yerinə yetiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2014-cü ilin dekabr ayında yekunlaşacaq.

İntiqam Valehoğlu
AzNews.az