Lənkəranda gəlin toydan qaçdı - TƏFƏRRÜAT

11 Avqust 2014 13:42 (UTC+04:00)
Lənkəran rayonunda toy gəlinsiz baş tutub.

ANS PRESS-in məlumatına görə, iki gün sonra gəlin olacaq nişanlı qız evdən qaçıb.

Nişanlı qızın bu addımından sonra 8 avqusta təyin edilmiş toy təxirə salınmayıb. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda iştirak ediblər. Lakin Nəriman (ad şətridir) adlı gənc bəy kürsüsünə oturarkən yanı boş olub.

Rayon sakinlərinin bildirdiklərinə görə, 28 yaşlı Nəriman 19 yaşlı Günellə (ad şərtidir) 3 ildir nişanlı olublar. Nəriman Bakıda ev təmiri işləri ilə məşğul olub, Günel isə Lənkəran şəhərindəki kolleclərin birində oxuyurmuş.

İlk günlər münasibətləri normal olan nişanlılar son zamanlar yola getməyiblər. Qız dəfələrlə nişanı qaytarmaq istəsə də, oğlan qəti olaraq buna qarşı çıxıb. Qızın valideynləri də oğlan tərəfi ilə danışaraq nişanı qaytarmağı təklif ediblər.

Bu barədə bir kəlmə belə eşitmək istəməyən oğlanın tərsliyi sonda özünə baha başa gəlib. Qız "Mən bu toyun əleyhinəyəm. Rəfiqəmgilə gedirəm, məni axtarmayın" yazaraq evdən qaçıb.

Toydan bir neçə gün əvvəl qızlarının gəlin gedəcəyi evə cehizlərini daşıb, bəzəyən valideynlər övladlarının harada olduğundan xəbərsiz olduğunu deyirlər.

Lənkəran rayon Polis İdarəsindən isə hadisə barədə eşitdiklərini, lakin bu mövzuda şikayət ərizəsinin qəbul olmadığını bildirdilər.

AzNews.az