Sığorta şirkəti Prokurorluğa müraciət etdi

13 Avqust 2014 18:00 (UTC+04:00)

"Avtomobilimə 4500 manat məbləğində ziyan dəyib. Sığortanı ona görə edirlər ki, belə məqamlarda çətin vəziyyətə düşməyəsən. Amma şirkət hələ də həmin məbləği ödəmir. İki aydır, hər dəfə bir bəhanə gətirilir". Bunu AzNews.az-a açıqlmasında "Ata Sığorta" şirkətinin müştərisi, Bakı şəhər sakini İlham Rəsulov deyib. O bildirib ki, şirkət qarşısına götürdüyü öhdəliyi yerinə yetirmir: "İyunun 11-də avtomobil qəzasına düşmüşəm. Nəticədə 10 ZZ 443 dövlət nömrə nişanlı BMW markalı avtomobilimə ziyan dəyib. Qəzadan sonra bütün lazımi sənədlər sığorta şirkətinə təqdim edilsə də ödəniş edilmir". Şirkətdən isə bildirilib ki, müştərinin şikayətinə məktubla cavab verilib: "Biz bu məsələ ilə bağlı İlham Rəsulova məktub ünvanladıq və onun evində məktubu qəbul edən olmadığından geri qaytarılıb. O istənilən şirkətə gələrək, məktubu buradan ala bilər. Sizə isə məsələ ilə bağlı ətraflı açıqlama verə bilmərik. Açıqlama o halda ola bilər ki, AzNews.az İnformasiya Portalı rəsmi şəkildə "Ata Sığorta" şirkətinə müraciət ünvanlasın".

Şirkətin arqumentini cavablandıran İlham Rəsulov isə "Ata Sığorta"nın ona ünvanladığı rəsmi cavabı AzNews.az təqdim edib. Məktubda deyilir: "Bildirmək istəyirik ki, baş vermiş hadisəilə əlaqədar olaraq tərəfimizdən 18.07.2014-cü il tarixində müəyyən məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün məktubla Azərbaycan Baş Prokurorluğuna müraciət edilib. Prokurorluğa göndərdiyimiz məktub müvafiq qaydada cavablandırıldıqdan sonra sizə baş vermiş hadisənin tənzimlənməsi ilə bağlı müvafiq məlumat veriləcək".

Zərərçəkən isə prokurorluğa niyə müraciət edildiyini bilmir. O iddia edir ki, bütün bu deyilənlər bəhanələr və vaxtı uzatmağa hesablanan açıqlamalardır.


(Mövzunu davam etdirəcəyik)
AzNews.az məktubun tam mətnini foto şəkilində oxuculara təqdim edir.



Amid
AzNews.az