İŞİD-in bütün düşmənləri bir araya gəldi

13 Avqust 2014 18:41 (UTC+04:00)
İraq sünniləri əl-Bağdadiyə qarşı vuruşacaq; bin Ladenin Xilafətlə bağlı xəbərdarlığı ortaya çıxdı
"The Washington Post" qəzeti yazır ki, Əbu Bəkr Əl-Bağdadi "İraq və Şam İslam Dövləti"ni (İŞİD) elan edərkən "əl-Qaidə" lideri olmuş Usama bin Ladenin xəbərdarlığına məhəl qoymayıb. Belə ki, terror kralı illər öncə yazmışdı ki, Xilafəti tələsik elan etmək olmaz. Bu işi ehtiyatla görmək lazımdır. Özünü xəlifə elan edən Əbu Bəkr Əl-Bağdadi isə Suriya və İraqda qanlı olaylar və gülləboranlar təşkil edərək, özünə çoxsaylı düşmənlər yaratdı və bir-birindən fərqli olan bu düşmənlərini bir araya toplayıb ona qarşı vuruşmağa təhrik etdi. Özünü də bu hücumun əsas hədəfinə çevirdi, prosesin bu macərada gedəcəyini də bin Ladenin əvvəlcədən yazmışdı.


Əbu Bəkr Əl-Bağdadinin qəddarlığı ona gətirib çıxardı ki, Səudiyyə və İran kimi bir-birinə nifrəti olan tərəflər ona qarşı birləşdilər. Hətta türklər və kürdlər də bu məsələdə eyni mövqedən çıxış edirlər.

İraqın yeni hökuməti daxil olmaqla yerli sünni, şiə və kürd siyasətçiləri Əbu Bəkr Əl-Bağdadinin törətdiyi ağlasığmaz əməllərdən dolayı birləşməli oldu. Narazılar sırasına Amerika da qoşuldu və prezident Obama İŞİD-ə qarşı qırıcı uçaqlardan istifadəyə göstəriş verdi. Bu hərbi əməliyyatın "aylar, bəlkə də illərlə" çəkəcəyi istisna olunmur.

İraq kürdlərinin lideri Məsud Barzani ABŞ-a müraciətlə belə demişdi: "Bizim sizin hərbi dəstəyinizə ehtiyacımız var...Biz sizdən heç vaxt rica etmərik ki, əsgərlərinizin çəkmələri İraq torpağına dəysin və siz bizim yerimizə vuruşasız"...

Qəzet bildir ki, bundan sonra İŞİD Amerikaya məxsus önəmli yerləri hədəf kimi qəbul edərək, dünyanın hər yerində, o cümlədən Amerikanın daxilində vurmağa çalışacaq. Bu işə öz müttəfiqlərin də sövq edəcək. Bədəninə bombalar bağlamış terrorçular belə əməliyyatlara cəlb olunacaq.

Qəzet yazır ki, Obamanın İŞİD-ə qarşı işə saldığı bu strategiya Qərbi terror hücumlarından qorumaq məqsədi güdür. Ancaq belə yanaşma ilə terrorçuları öz əməllərindən çəkindirmək risk tələb edir və real görünmür.

"The Washington Post" bildirir ki, əgər Barak Obama yeni İraq hökumətinə dəstək işarəsi vermək istəyirsə İraqda döyüşmüş, istefada olan general David Petraueusu və ABŞ-ın İraqdakı keçmiş səfiri Rayn Krokeri Bağdada xüsusi təmsilçi kimi göndərməlidir.

Qəzet bildirir ki, bu dəfə İraqda İŞİD-ə qarşı sünnilər də vuruşacaq. "Aspen Strategy Group"da çıxış edən iki sünni liderin video-görüntüləri yayımlanıb. Onlardan biri deyir: "Başlanğıcda sünnilər İŞİD-ə sevgi ilə yanaşdılar, düşündülər ki, onlar sünnilərin haqların müdafiə edəcəklər. İndi isə sünnilər görürlər ki, İŞİD "əl-Qaidə" kimidir, onlar məscidləri partladıb insanları öldürürlər". İkinci sünni lidersə deyib: "İŞİD hazırda hər bir tərəfin və hər kəsin düşmənidir".

2011-ci ildə Bin Ladenin ölümündən sonra onun Pakistandakı evindən tapılan yazılarda deyilir ki, hakimiyyəti möhkəmləndirmək üçün sadə müsəlmanların öldürülməsi İslam Dövlətini məhv edə bilər: "Bu yolla bir neçə döyüşdən qalib çıxmaq olar, ancaq bu yol sonda müharibədə qələbənin əldən çıxmasına gətirib çıxaracaq".

Bin Laden düşünürdü ki, Xilafət elan etmək üçün ən yaxşı ölkə Yəməndir. Ancaq o, tərəfdarlarının bu işdə tələskənliyə yol verə biləcəklərindən narahat idi. Yazılış tarixi bəlli olmayan əlyazmada deyilir: "Siz İslam Dövləti qurmaq arzusundasız. Bunun üçün biz əmin olmalıyıq ki, həmin dövlət üzərində tam nəzarəti əldə edə biləcəyik. Törətdiyimiz əməllərlə düşmənləri nə qədər zəiflətsək də, onlar bizim quracağımız dövləti məhv etmək gücündə olacaqlar".

Əbu Bəkr Əl-Bağdadi isə səbrlə gözləyə bilmədi. Yaxın gələcəkdə biz bin Ladenin Amerikanın İslam Dövlətini dağıdacağı ilə bağlı xəbərdarlığının nə qədər real olduğunun şahidi olacağıq...

Qeyd edək ki, Əbu Bəkr Əl-Bağdadi son vaxtlar daha çox İraqın baş naziri Nuri əl-Maliki ilə müqayisə olunur. O da yeritdiyi siyasətlə tam fərqli tərəfləri özünə düşmən edə bilib. İraqda dini lider Sistani başda olmaqla şiələr, sünnilər, kürdlər indi ona müxalifdir. Bu işdə ABŞ və İran da eyni fikirdədir. Türkiyə isə əzəldən onunla yola getməyib. (Müsavat)

AzNews.az