Məhkumlar üçün elektron kitabxana açıldı- Fotolar

14 Avqust 2014 16:17 (UTC+04:00)
Azadlıqdan məhrum edilmiş şəxslərin sosial müdafiəsinin təmin edilməsi, cəzadan azad edildikdən sonra müasir cəmiyyətə adaptasiya olunmalarına yardım məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

AzNews.az Penitensiar xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, penitensiar müəssisələrdə təşkil olunan dil və kompüter kursları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının ən müasir kompüter avadanlıqları ilə təchiz olunması xüsusi əhəmiyyət kəsb edir.

Bu gün yeni istifadəyə verilmiş müasir standartlara uyğun Şəki Penitensiar müəssisəsində kompüter kursunu başa vurmuş məhkumların ilk qrupuna müvafiq sertifikatların təqdim olunma mərasimi keçirilib. İlkin kompüter biliklərinə yiyələnmiş 29 nəfər məhkuma "24 F/PS – Birinci yaradıcılıq birliyi"nin sertifikatları təqdim olunub. Kompüter vərdişlərinə yiyələnmiş məhkumlar ilk dəfə olaraq müəssisədə təşkil olunmuş elektron kitabxananın xidmətlərindən istifadəyə başlayıblar.

Tədbirdə Şəki Regional ədliyyə şöbəsinin və Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları iştirak edib.

AzNews.az