Nazirlik hüquq-mühafizə orqanlarına müraciət etdi

15 Avqust 2014 09:47 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi zərər çəkmiş tərəf kimi yanğınların baş vermə səbəblərinin araşdırılması və təqsirkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ünvanlayıb.


"Qafqazinfo"ya nazirliyin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, bu il əvvəlki illərlə müqayisədə ölkənin iqlim şəraitində xeyli quraqlıq müşahidə olunduğundan bütün təbiət əraziləri, o cümlədən biçənək və otlaq sahələri, meşə massivləri yanğına daha həssas vəziyyətdədir. Belə şəraitdə təbiət qoynunda istirahət edən və təsərrüfat işləri ilə məşğul olan vətəndaşların, otlaq sahələrində məskunlaşmış heyvandarların ehtiyatsızlığı, taxıl sahələrinə biçindən sonra od vuran fermerlərin yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi müxtəlif bölgələrdə yanğınların baş verməsinə və sonradan meşə fondu torpaqlarına, milli parkların ərazilərinə keçməsinə səbəb olur.

Qeyd edək ki, hesablamalara görə, bu il baş verən yanğınların çox böyük əksəriyyəti ilkin olaraq bələdiyyə torpaqlarında, fermer təsərrüfatlarında və heyvandarların məskunlaşdığı otlaq sahələrində, bir sözlə insanların ehtiyatsızlığı nəticəsində baş verib, sonradan meşə ərazisinə və milli parklara keçib.
Məsələn, iyulun əvvəllərində Siyəzəndə əvvəlcə rayonun quşçuluq fabrikinin yaxınlığındakı bələdiyyə torpaqlarında böyük ərazini əhatə etmiş yanğın meşə sahəsinin az bir hissəsinə keçdikdən sonra söndürülmüşdü. Yaxud Lerikin Piran kəndinin bələdiyyə ərazisindəki quru otlaq sahədə başlanan yanğın külək nəticəsində xeyli ərazini bürümüş və sonradan meşə fonduna keçsə də, 3 hektar sahədə kol-kosa ziyan dəymişdi. Oxşar yanğın hadisələri, yəni fermerlərin ehtiyatsızlığından baş vermiş bu cür hallar Masallıda, Cəlilabadda və Şəkidə də qeydə alınıb və xeyli meşə fonduna daxil olmayan ərazi yandıqdan sonra meşə sahəsinin sərhəd hissəsinə müəyyən ziyan dəyib. Daha bir etinasizlıq faktı bir gün əvvəl Gədəbəydə qeydə alınıb. Yerli sakinin meşədə ocaq qalaması yanğınla nəticələnib, lakin ETSN və FHN əməkdaşlarının operativ müdaxiləsindən sonra alov tez bir vaxtda ram edilib. Həmin şəxs barəsində isə tədbir görülüb və hüquqi məsuliyyətə cəlb olunması üçün polisə müraciət olunub. Eyni zamanda bir sıra hallarda yanğının hələlik naməlum səbəblərdən, o cümlədən təbii hadisələrdən də (Qəbələ və Oğuzda yanğına quru ot örtüyünə ildırım düşməsinin səbəb olduğu ehtimal edilir) baş verməsi məlumdur. Ümumiyyətlə, bu cür ehtiyatsızlıq və hətta etinasızlıq nəticəsində ölkənin təbiətinə ziyan vurulur, çətin relyeflərdə, əksər hallarda keçilməz yolsuzluq şəraitində xeyli miqdarda maddi və insan resursları məsrəf olunur.

Bütün hallarda ölkənin təbiətinə, meşələrinə cavabdeh qurum olaraq ETSN zərər çəkmiş tərəf kimi ciddi narahatlıq keçirir və yanğınların baş vermə səbəblərinin araşdırılması və təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ünvanlayıb. Məlumat üçün bildirək ki, yanğının baş verməsinə səbəb ola biləcək amillərdən birinin də kustar üsulla kömür hazırlanması fəaliyyəti olduğu ehtimal edilir. ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamenti əməkdaşlarının son bir həftə ərzində keçirdikləri reydlər zamanı kustar üsulla kömür hazırlayan 8 şəxs aşkar edilib, həmin şəxslər 5600 manat məbləğində cərimə olunub və kömür quyuları ləğv olunub.

ETSN builki quraqlıq şəraitində Azərbaycan təbiətinə və ümumiyyətlə ətraf mühitə vurulan bu cür ziyanların qarşısının alınması üçün əhalini bir daha odla ehtiyatlı olmağa çağırır və baş verən hər hansı xırda yanğının dərhal söndürülməsi məqsədilə vaxtında tədbirlərin görülməsi üçün müvafiq qurumlara müraciət etmələrini xahiş edir.

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə dəstələri, aviasiya bölmələri ilə birlikdə son günlər ölkənin müxtəlif ərazilərində baş verən yanğınların qarşısının alınması istiqamətində ciddi tədbirlər görür, operativ qaydada yanğınların miqyasının genişlənməsinə yol verilmir. Əksər hallarda yanğınların ucqar dağlıq ərazilərdə, bir-birindən uzaq məsafələrdə baş verməsi onun söndürülməsini çətinləşdirir. Vəziyyətin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar Mərkəzi, həmçinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. Ucqar dağlıq sahələrdə yanğınsöndürən maşınların istifadəsi mümkün olmadığından yanğınların qarşısının alınmasında əsasən əl əməyindən və Fövqəladə Hallar Nazirliyinin helikopterlərinin köməyindən istifadə edilir. ETSN-nin və FHN-nin müvafiq qurumlarının əməkdaşları yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən bel, kürək və sair avadanlıqlardan istifadə etməklə tədbirlər görür. Hazırda nazirliyin 300 nəfərdən artıq əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi kollektivi müxtəlif ərazilərə ezam olunub.

Görülən tədbirlərin nəticəsində bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın ocaqları, közərtilər də daxil olmaqla meşə ərazilərinin müxtəlif sahələrində tez söndürüldüyünə görə ümumilikdə yanmış sahəlik ərazilərin az bir hissəsini əhatə edib. Hadisə yerində olan ETSN mütəxəssislərinin müşahidələri və ilkin hesablamaları göstərir ki, əhatə olunan ərazi ümumi görüntü xarakteri kəsb edir və yanğının söndürülməsindən sonra faktiki olaraq ziyan dəymiş sahələr ümumi görüntüdən qat-qat azdır. Yəni mütəxəssislərin rəyinə görə, yanğın baş verən zaman onun istiqaməti və yeri ümumi rəqəmlərlə müəyyənləşdirilir, daha geniş ərazidə söndürülmə üçün tədbirlər görülür, bununla da yanğının əhatə dairəsi qeyd olunur. Alov ram edildikdən və közərtilər tamamilə söndürüldükdən sonra faktiki ziyan dəymiş meşə sahələri hesablanır. Ümumiyyətlə isə yanğına məruz qalmış ərazilərin sahəsi böyük görünsə də, əksəriyyəti bələdiyyə torpaqları, çay vadilərindəki otlaq və biçənək sahələridir. ETSN və FHN əməkdaşlarının operativ səyləri nəticəsində, mütəxəssislərin yekunlaşdırmalarına görə, faktiki olaraq meşə fonduna böyük ziyanın dəyməsinin qarşısını almaq mümkün olub. Ziyan dəymiş ərazilərin əksəriyyətində isə yanğına əsasən alt təbəqədə olan yarpaq yığıntıları, yaşı keçdiyinə görə yıxılmış ağaclar, kol-kos və quru ot örtüyü məruz qalıb. Eyni zamanda çox da olmasa yaş köküstə olan ağaclara da müəyyən zərər dəyib.

* Siyəzəndə yanğın 5 hektar ərazini (quru otlaq və biçənək sahələri) əhatə edib, 2 hektar meşə sahəsinə ziyan dəyib;

* Lerikdə yanğın 10 hektar ərazini (heyvandarların məskunlaşdığı otlaq sahələri) əhatə edib, 3 hektar meşə sahəsinə ziyan dəyib;

* Masallıda yanğın 5 hektar ərazini əhatə edib, 2 hektar meşə sahəsinə ziyan dəyib;

* Cəlilabadda yanğın 8 hektar ərazini (çay vadisindəki qurumuş kol-kos) əhatə edib, 2 hektar meşə sahəsinə qismən ziyan dəyib;

* Oğuzda yanğın 12 hektar ərazini (biçənək və otlaq sahəsi) əhatə edib, 4 hektar meşə sahəsinə müəyyən ziyan dəyib;

* Şəkidə yanğın 2 hektar ərazini əhatə edib, 1 hektar meşə sahəsində müəyyən ziyan müşahidə olunub;

* Gədəbəydə yanğın 6 hektar ərazini (kol-kos, quru yarpaq örtüyü) əhatə edib, 1 hektar meşə sahəsinə qismən ziyan dəyib;

* Hirkan Milli Parkının yaxınlığındakı ərazilərdə müxtəlif vaxtlarda və müxtəlif sahələrdə 6 dəfə yanğın baş verib və 18 hektar ərazini (quru otlaq və biçənək sahələri, kol-kos) əhatə edib, parkın 5,3 hektar meşə sahəsində bir sıra ağaclar zədələnib;

* Şahdağ Milli Parkının yaxınlığındakı bələdiyyə torpaqlarında ayrı-ayrı sahələrdə 2 dəfə yanğın baş verib və 23 hektar ərazini (heyvandarların məskunlaşdığı otlaq sahələri, biçənək sahələri) əhatə edib, parkın 5 hektar meşə sahəsinə ziyan dəyib;

* Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın 1 hektar ərazini əhatə edib, 0,5 hektar meşə sahəsinə ziyan dəyib;

* Türyançay Dövlət Təbiət Qoruğunda yanğın 2,6 hektar ərazini (çay vadisində otlaq sahəsi) əhatə edib, meşə sahəsinə ziyan dəyməyib.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi oddan qorumağa çağırır.

AzNews.az