Sumqayıtda iki aylıq uşaq necə oğurlandı? – TƏFƏRRÜAT (Yenilənib)

15 Avqust 2014 13:39 (UTC+04:00)
Ötən gün Sumqayıtda parkdan iki aylıq övladı oğurlanan ana Aysel Əhmədova polisə ilkin ifadəsini verib. Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə çağırılan 3 uşaq anası, uşağını oğurlayan qadını ifadəsində qismən tanıdığını deyib. Onun sözlərinə görə, məhəllələrinə gələn qadın onu televiziya verilişlərinin birində gördüyünü deyib və bildirib ki, maddi cəhətdən imkansız olduğuna görə ona köməklik etmək istəyir. Aysel Əhmədova qadınla bərabər yaxınlıqda yerləşən ərzaq dükanına gediblər. APA TV həmin mağazanın daxilində müşahidə kamerasından çəkilmiş görüntüləri eksklüziv olaraq əldə edib.

Dükanda bazarlıq etdikdən sonra Aysel Əhmədova və naməlum qadın alınan ərzaq məhsullarını evə qoymaq məqsədilə Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanına gəliblər.

Aysel Əhmədovanın qonşusu APA TV-yə açıqlamasında uşağı oğurladığı bildirilən qadını ilk dəfə gördüyünü deyib: "Ayseli soruşan qadın "Pampers"ə qədər hər şey almışdı. Qalxdılar yuxarı, evdə bir xeyli oturdular. Təxminən 4-5 saat. Sonra üç uşaqla bir yerdə evdən çıxdılar. Üzü parka, dənizə tərəf getdilər".

Daha sonra Aysel Əhmədova 4-cü mərtəbədə yaşayan qonşusu ilə əlaqə saxlayır. Ona deyir ki, tez 102 xidmətinə zəng vurub desin ki, yanında olan qadın iki aylıq uşağını və əl çantasını götürərək naməlum istiqamətə gedib.

Qonşu uşağı oğurladığı iddia edilən qadının bu məhəlləyə ilk dəfə gəldiyini deyir: "Həmin qadını əvvəl görməmişəm. Özünü alicənab aparan, sözünü bilən insan idi. Bura elə yerdir ki, biz bu məhəlləyə gələn hər kəsi tanıyırıq. Bu qadın əvvəllər bura heç vaxt gəlməyib".

Sumqayıt polisindən bildirdilər ki, polis mümkün olan bütün versiyaları araşdırır. Qadının keçmiş həyat yoldaşı da ifadə vermək üçün idarəyə dəvət olunub. Araşdırma aparılır.





***
12:16


Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2 aylıq körpəsi oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Sarı saçlı, kök bədən quruluşlu qadın ananı aldadaraq uşağı götürüb və hadisə yerindən uzaqlaşıb.

Görüntülərdəki sarı saçlı qadını tanıyanlardan (018) 654-02-02, (070) 510-22-50 nömrəli telefonlara məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.
Qeyd edək ki, Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.

Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyərək, bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.
Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



AzNews.az