Orqan mafiyası və uşaq alverçiləri yenidən iş başında!!!

16 Avqust 2014 07:31 (UTC+04:00)
Sumqayıtda iki aylıq körpənin oğurlanmasının müdhiş təfərrüatları...; Aysel Əhmədovanın uşağını ANS-in "Adam içində" verilişinin iştirakçısı olmuş qadın qaçırarkən görüntüləndi; polis isə onu hələ də tapa bilməyib; Elgiz Əkbərdən izahat alınıb: "Dəqiq bilirəm ki, uşağı satıb"
Avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Sumqayıt şəhər Polis İdarəsində ananın izahatı alınıb. Uşağı oğurlanan ailənin yaşadığı ünvana baş çəkən Teleqraf.com-un əməkdaşları ailə haqqında bir sıra məlumatlar əldə edib.

Bildirilir ki, A.Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS telekanalında yayımlana "Adam içində" verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib.

Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib. A.Əhmədovanın qonşularından əldə edilən məlumata görə, baş verən hadisədən sonra aparıcı Elgiz Əkbər 2 aylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağırılaraq dindirilib. 2 aylıq körpəni oğurlayan qadının görüntüləri isə təhlükəsizlik kameralarına düşüb. Bu görüntüləri APA.TV 15 avqustda əldə edərək, izahlı mətnlə yayınlayıb. Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



E.Əkbər publika.az-a bildirib ki, bu xəbərdən şoka düşüb: "Özümə gələ bilmirəm. Əsəb sarsıntısı keçirirəm. O uşağı mənəvi uşağım sayıram. Hesab edirəm ki, mənim uşağımı oğurlayıblar. Uşağı oğurlanan ata necə olarsa, mən də o haldayam. O qadını istintaq artıq müəyyən edib, şəkli də onlarda var. Əslində, o qadın əvvəldən bunu planlaşdırıbmış. Mən ona üzümü tutub demək istəyirəm ki, ortaya çıx, cəzan yüngülləşər. Əks halda, vəziyyətin pis olacaq. Mən dəqiq bilirəm ki, o, uşağı satıb. O qadına demək istəyirəm ki, onsuz da, pulun batacaq, bəri başdan uşağı geri gətir".

Aparıcı deyib ki, hüquq-mühafizə orqanlarından ANS-ə gələrək ondan izahat alıblar: "Mən özümdə olan bütün məlumatları onlara verdim. O qadın, əslində, verilişimə gəlirdi, amma üzünü göstərmirdi. Deməli, əvvəldən işini planlaşdırıbmış.

Özünü buna görə də cəmiyyətə təqdim etmək istəmirmiş. Gəlirdi telekanala, pilləkənin altında dayanırdı, üzünü göstərmirdi".



E.Əkbər qeyd edib ki, kömək üçün onlara üz tutan A.Həmidovaya "Adam içində" tərəfindən hər cür yardım göstərilib: "Biz nə lazımdırsa etdik. Hamiləliyindən savayı daha 2 uşağı vardı. Uşaqlarının atası aliment vermirdi, onu da həll etdik.

Körpəsini dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirdik. Hətta xəstəxanada qaldığı müddətdə o biri uşaqlarına biz baxırdıq. İndi eşidirik ki, uşaq oğurlanıb. Bizim verilişimizə minlərlə adam gəlir. Yüzlərlə şikayətçiyə kömək etmişik. Bu insanların hər biri ilə ayrı-ayrılıqda maraqlanmağa, onların həyatlarını izləmək bizim imkanımız xaricindədir. Ümid edirik ki, körpə tezliklə tapılıb anasına qaytarılacaq".

Ana A.Əhmədova isə polisə ilkin ifadəsində deyib ki, uşağını oğurlayan qadını qismən tanıyır. Onun sözlərinə görə, məhəllələrinə gələn qadın onu televiziya verilişlərinin birində gördüyünü və maddi cəhətdən imkansız olduğuna görə köməklik etmək istədiyini söyləyib.

A.Əhmədova qadınla bərabər yaxınlıqda yerləşən ərzaq dükanına gediblər. Bazarlıq etdikdən sonra A.Əhmədova və naməlum qadın alınan ərzaq məhsullarını evə qoymağa gediblər. Qonşusu isə APA TV-yə açıqlamasında həmin qadını ilk dəfə gördüyünü deyib: "Ayseli soruşan qadın "Pampers"ə qədər hər şey almışdı. Qalxdılar yuxarı, evdə bir xeyli oturdular. Təxminən 4-5 saat. Sonra üç uşaqla bir yerdə evdən çıxdılar. Üzü parka, dənizə tərəf getdilər".



Daha sonra A.Əhmədova 4-cü mərtəbədə yaşayan qonşusu ilə əlaqə saxlayıb, ona deyib ki, tez 102 xidmətinə zəng vursun: "Yanında olan qadın iki aylıq uşağını və əl çantasını götürərək naməlum istiqamətə gedib". Qonşular deyib ki, qadın özünü alicənab aparan, sözünü bilən insan təsiri bağışlayıb.

Övladı oğurlanan qadının keçmiş həyat yoldaşı da ifadə vermək üçün idarəyə dəvət olunub. Araşdırma aparılır.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı musavat.com-a bildirib ki, hələlik heç bir yenilik yoxdur, köhnə məlumatlardır, körpə tapılmayıb.

APA TV-nin yaydığı videogörüntüdə sarı saçlı, kök bədən quruluşlu qadın ananı aldadaraq uşağı götürüb və hadisə yerindən uzaqlaşıb. Sarı saçlı qadını tanıyanlardan (018) 654-02-02, (070) 510-22-50 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.



Məlumat verən şəxsin anonimliyi təmin ediləcək. "Yeni Müsavat" olaraq deyək ki, Sumqayıtda uşaq oğurlanması ilk belə fakt deyil. Əvvəllər də bu şəhərdə uşaqların sirli şəkildə yoxa çıxması halları baş verib. 2012-ci ildə də analoji hadisə olmuşdu. O zaman oğurlanan 13 yaşlı Ramil Ağayev tapılmadı. Şəhər sakinlərinin dediyinə görə, Sumqayıtda orqan mafiyası və uşaq alveri ilə məşğul olan şəbəkələrin fəaliyyəti istisna deyil. Bu hadisədən sonra isə şəhərdə valideynlər arasında xof əmələ gəlib.

Baş verən hadisə cəmiyyətdə şok effekti yaradıb.

Onu da qeyd edək ki, orqan mafiyasının Azərbaycandakı fəaliyyəti ilə bağlı aylar öncə mətbuatda sensasion məlumatlar dərc olunub. "Yeni Müsavat" da bu barədə geniş materiallar dərc edib. (musavat)

AzNews.az