ŞOK: ABŞ-da 23 yaşlı azərbaycanlı qızı tikə-tikə doğradılar(FOTO)

16 Avqust 2014 21:59 (UTC+04:00)
ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində 52 yaşlı seksual manyak Azərbaycan vətəndaşı, bir neçə ildir bu ölkədə yaşayan və işləyən 23 yaşlı qızı xüsusi qəddarlıqla öldürüb və cəsədini oğurlayıb.

ANS PRESS-in məlumatına görə, bu dəhşətli qətl hadisəsi barədə Massaçusetsdə nəşr olunan "The Boston Globe" qəzeti yazır.

Qətl hadisəsi təxminən 3 il əvvəl - 2011-ci il iyulun ortalarında Boston ətrafında yerləşən Kuinsi şəhərində baş verib. Lakin o vaxtdan bəri cinayətin üstü açılmayıb və qızın cəsədi tapılmayıb.

Yalnız indi prokurorluq bu dəhşətli qətl üzrə əsas şübhəli şəxsi müəyyən edib və qətlin 9 yaşlı qızı zorlayaraq öldürdüyünə görə əvvəllər məhkum edilən seksual manyak tərəfindən törədildiyini bildirib.

Qəzet yazır ki, 23 yaşlı Azərbaycan vətəndaşı Evelin Vəlibəyova Kuinsi şəhərində yaşadığı mənzildən yoxa çıxıb. Onun yaşadığı mənzildə dəhşətli qətlin izlərinə rast gəlinib, evdəki xalça və əşyalar büsbütün qan içində olub.

E.Vəlibəyovanın görüntüləri sonuncu dəfə 2011-ci il iyulun ortalarında Kuinsi şəhərinin "North Quincy" metro stansiyasından çıxıb evə gedərkən metronun videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Qızın öldürüldüyü məlum olsa da onun cəsədi indiyədək tapılmayıb və qətlin kim tərəfindən törədildiyi də məlum deyildi.
Yalnız indi prokurorluq bildirir ki, qızın yataq otağından qətlin kim tərəfindən törədildiyini müəyyən etməyə əsas verən dəlil tapılıb.

Bu həftə Norfolk Dairə Prokurorluğundan yayılan rəsmi açıqlamada deyilir ki, qətl üzrə şübhəli şəxs 1986-cı ildə Rod-Aylend ştatının Vunsoket şəhərində 9 yaşlı qızı aldadaraq meşəyə aparan və orada zorlayaraq qəddarlıqla öldürən seksual manyak Con D.Castonqaudur.

C.Castonqau törətdiyi qəddar cinayətə görə 1987-ci ildə 25 il həbsə məhkum edilib, 2006-cı ildə isə şərti azadlığa çıxıb.

Manyakın işinə baxan hakim Mark Volf deyir ki, o, C.Castenqauya 75 il həbs cəzası tələb etmişdi, çünki onun olduqca təhlükəli və hiyləgər adam olduğunu, azadlığa çıxandan sonra yenidən bu cür cinayət törədəcəyini bilirdi.

Lakin məhkəmə heyəti C.Castenqauya minimal cəza - 25 il həbs verib, üstəlik o, məhkumların cəzasının üçdə ikisini çəkəndən sonra şərti azadlığa çıxmaq üçün müraciət etmək hüququndan faydalanaraq 2006-cı ildə həbsxanadan çıxıb.

Prokurorluq rəsmiləri deyirlər ki, seksual manyaka yüngül cəza verilməsinin və onun vaxtından əvvvəl azadlığa çıxmasının nəticələri E.Vəlibəyova üçün ölümcül olub. Belə ki, C.Castenqau azadlığa çıxandan sonra usta işləyib. İstintaq müəyyən edib ki, o, qətldən əvvəl E.Vəlibəyovanın yaşadığı mənzildə təmir işi görüb.

E.Vəlibəyova dostları və ailə üzvləri tərəfindən olduqca ünsiyyətcil, ambisiyalı, çalışqan, Amerika xəyallarını reallaşdırmaq üçün gecə-gündüz çalışan qız kimi xarakterizə edilir.
"Gözəl, qara gözlü, qara saçlı, olduqca xarizmatik və olduqca ağıllı qız idi. O, səkkiz dildə sərbəst danışırdı, ancaq məncə, 10-a yaxın dil bilirdi" - deyə E.Vəlibəyovanın iş yoldaşı və dostu Dunkan Boyd bildirir.

D.Boyd deyir ki, E.Vəlibəyova yoxa çıxmazdan əvvəl C.Castenqaunun onun mənzilində təmir işi apardığını və mənzilin açarını ona verdiyini danışmışdı. Mənzildə qızla tək qalmasından istifadə edən seksual manyak isə onu zorlayıb və qəddarlıqla qətlə yetirib.
Məqalədə bildirilir ki, E.Vəlibəyova yoxa çıxmazdan bir gün əvvəl Azərbaycanda yaşayan anası ilə skype ilə videoəlaqə yaratmağa hazırlaşırdı, ancaq bu, baş tutmayıb.
Azərbaycanlı qızın yoxa çıxdığı haqda onun işlədiyi restoranın işçiləri polisə xəbər veriblər. Qızın həmin gün növbəyə çıxmamasından narahat olan iş yoldaşları polisi bu barədə məlumatlandırıblar. Polis qızın yaşadığı mənzilin qapısının açıq olduğunu, E.Vəlibəyovanın şəxsi əşyalarının, o cümlədən bir sıra mühüm sənədlərinin yoxa çıxdığını, içəridə hər yerdə qan izlər olduğunu müəyyən edib.

D.Boyd deyir ki, polis bütün xəstəxanaları və morqları axtarıb, qızın cəsədini heç yerdə tapmayıb.

"Evelin öz mənzilində öldürülmüşdü və onun cəsədi oğurlanmışdı" - deyə D.Boyd bildirir.
Müstəntiqlər daha sonra qızın bəzi əşyalarını, o cümlədən əl çantasını, pul qabını, mobil telefonunu Dorçester ətrafında tapıblar. Ancaq cəsədin axtarışı heç bir nəticə verməyib. İndi prokurorlar bildirirlər ki, cəsədin tapılmayacağı təıqdirdə C.Castenqauya qətl ittihamı irəli sürmək problemli olacaq.

Məlum olub ki, C.Castenqau şərti azadlığa çıxma şərtlərini pozduğu üçün ötən ilin noyabrında yenidən həbs olunub. Seksual manyak hazırda Nyu-Cersi ştatındakı Fort-Diks həbsxanasında saxlanılır.

E.Vəlibəyovanın işlədiyi restoranın sahibi Kristian Tornton deyir ki, azərbaycanlı qızın bu cür qətlə yetirilməsi və cəsədinin oğurlanması onun həyatını da dəyişdirib.
"Vəlibəyova restoranda işləməklə yanaşı həm də mənim iki uşağıma dayəlik edirdi. O, olduqca gözəl, ağıllı, savadlı və gənc qadın idi. Sadəcə olaraq dəhşətdir, olduqca dəhşətdir. Elə gün olmaz ki, mən onun haqqında düşünməyəm" - deyə K.Tornton bildirir.
Hazırda bu hadisə ilə bağlı vaxtilə 9 yaşlı qızı zorlayıb qətlə yetirmiş manyakın niyə minimal cəzaya məhkum edilməsi, üstəlik vaxtından əvvəl azadlığa buraxılması müzakirə olunur.

ABŞ baş prokurorunun keçmiş köməkçisi Brayan Kelli deyir ki, azyaşlı uşağı oğurlayan və zorlayaraq qətlə yetirən təhlükəli cinayətkarın həbsxanadan buraxılması "tamamilə ağılsızlıq" idi.