Ukraynada 2 azərbaycanlı ölümcül hala salındı

18 Avqust 2014 08:26 (UTC+04:00)


Publika.az-ın əldə etdiyi məlumata görə, ötən gün Ukraynanın Luqansk vilayətində Gülbaba adlı soydaşımız və oğlu separatçıların hücumuna məruz qalıb.

Onların əslən Şabran rayonundan olduğu bildirilir. Hadisə zamanı Gülbaba və oğlu separatçılar tərəfindən döyülərək ölümcül hala salınıb. Onun həyətindəki qoyun-quzunun isə aparıldığı deyilir.

Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev də Publika.az-a açıqlamasında sözügedən hadisənin baş verdiyini təsdiqləyib. R.Uğurluyev hazırda Azərbaycanın Ukraynadakı səfirliyi və diaspora təşkilatların məsələni diqqətdə saxladığını deyib.

"Mən Gülbabanı yaxından tanıyıram. O, çox sakit və ağıllı, normal ailə başçısıdır. İndiyədək heç kəs ondan şikayətçi olmayıb. Gülbabanın həyat yoldaşı Nəcibə xanıma da məsələhət olunub ki, bu barədə mediaya və aidiyyəti dövlət orqanlarına müraciət etsin. Ancaq nədənsə Nəcibə xanım tərəddüd edir. Deyir ki, qorxuram, bizi öldürərlər".

Qeyd edək ki, bu, Ukraynada azərbaycanlı ailələrə qarşı birinci zorakılıq faktı deyil.

AzNews.az