Avtobus yük maşını ilə toqquşdu- 2 yaralı (VİDEO)

19 Avqust 2014 23:48 (UTC+04:00)
Bakı-Şamaxı şossesinin 23-cü kilometrliyində dəhşətli yol qəzası baş verib.

ANS TV-nin məlumatına görə, hadisə Qaradağ rayonunun, Müşviqabad qəsəbəsinə düşən ərazidə qeydə alınıb. Qəza zamanı üzü paytaxt istiqamətində hərəkətdə olan 109 saylı marşrut xətti üzrə fəaliyyət göstərən "Daewoo" markal sərnişin avtobusu ilə əks istiqamətdən gələn "Şaqman" markalı yük avtomaşını toqquşub. Zərbə o qədər güclü olub ki, "Şaqman" yolun kənarına aşıb.

Hadisə şahidlərinin dediyinə görə, avtobusun sürücüsü idarəetməni itirərək məhz bu yerdən aşıb "Şaqman" markalı yük avtomobilin qarşısına çıxıb.

Avtoqəza nəticəsində "Şaqman"ın sürücüsü Elçin Rəşidov və avtobusun sürücüsü 28 yaşlı Bilal Əhmədov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Xoşbəxtlikdən qəza zamanı avtobusda sərnişin olmayıb. Hadisə şahidlərinin dediyinə görə, qəzanın səbəbini avtobus sürücüsünün yol hərəkəti qaydalarını pozmasında görür.

Ərazidə yaşayan sakinlər isə belə bir qəzanın demək olar ki, hər həftə baş verdiyini deyir və səbəb kimi yolun işıqlandırılmamasını göstərirlər.

Avtoqəzadan sonra əraziyə Yol Polis Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın baş verdiyi yolda demək olar ki, avtomobillərin hərəkəti dayandırılıb.

Ərazidə avtomaşınların hərəkətini tənzimləmək üçün avtobus qaldırıcı kranla yoldan uzaqlaşdırılıb. Daha sonra şossedə maşınların hərəkəti bərpa olunub.

Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırmalar aparılır.



AzNews.az