Bilgəhdən icra başçısına mesaj

20 Avqust 2014 13:49 (UTC+04:00)
Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin Bilgəh kəndinə kənar rayondan icra nümayəndəsi təyin etməsi sakinlər arasında narazılıq doğurub. Teleqraf.com-un məlumatına görə, kənd sakinləri narazılıqlarını Sabunçu ikinci seçki dairəsinin deputatı Qalib Salahzadəyə bildiriblər.

Bu gün onlarla sakin Q.Salahzadənin seçki qərargahına gələrək "rayonda sizin sözünüz keçmir" deyərək deputata iradlarını çatdırıblar. Sakinlər hesab edirlər ki, Bilgəhə kəndin problemlərindən hali olan şəxs icra nümayəndəsi təyin edilməlidir və bu məsələnin həlli üçün deputat qabağa düşməlidir.

Teleqraf.com məsələ ilə bağlı Q.Salahzadə ilə əlaqə saxlayıb. Deputat sakinlərin ona şikayət etdiyini təsdiqləyib: "Bilgəh kənd sakinləri bu gün mənimlə görüşüb narazılığını bildirdilər. Dedilər ki, kəndə buranın problemlərindən bixəbər olan şəxs icra nümayəndəsi təyin edilir, siz isə bunun qarşısını ala bilmirsiz. Mən də izah etdim ki, icra nümayəndəsini təyin etmək və ya işdən çıxarmaq icra başçısının səlahiyyətindədir. Mən icra başçısının işinə qarışa bilmərəm. Bu, düz başa düşülməz. İcra başçısına təkliflərimi çatdırmışam, insanların narazılığı barədə cənab Adil Vəliyevi xəbərdar etmişəm. Mətbuatda problemlə bağlı geniş danışmışam. Başqa neyləyə bilərəm?".

Q.Salahzadə qeyd etdi ki, sakinlərin iradları haqlıdır: "Kənd sakinləri mənim qarşıma fakt qoydular. Dedilər ki, əvvəlki icra nümayəndəsinin dövründə rayon icra hakimiyyəti Bilgəhdə bir metr yolu belə asfaltlamayıb. Nə iş görülübsə, icra nümayəndəsinin şəxsi təşəbbüsü, təşkilatçılığı ilə olub. Rayon İcra Hakimiyyəti pul ayırmırsa, köməklik göstərmirsə kənd icra nümayəndəsi abadlıq işlərini necə görə bilər? Xatırlayırsınızsa, hörmətli millət vəkili Zeynəb Xanlarova Bakı kəndləri ilə bağlı çıxış edəndə mən ona qarşı çıxdım. Dedim ki, Bakı kəndlərində heç bir narazılıq, aksiya ola bilməz. Həmin vaxt kənd sakinləri məni dəstəklədilər. Amma indi deyirlər ki, hərdən insanları etiraza məcbur edirlər. Ümid edirəm ki, Sabunçu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev mənim təkliflərimi nəzərə alacaq, bilgəhlilərin səsini eşidəcək. Əks təqdirdə yarana biləcək daha ciddi narazılığa görə mən məsuliyyət daşımayacam. Bakı kəndləri ilə dil tapmaq, insanlarla ünsiyyət qurmaq, işləmək lazımdır. Cənab prezident hansısa rayona icra başçısı təyin edəndə deyir ki, get insanlarla işlə, problemləri həll et. Təəssüflər olsun ki, bəzi məmurlar sonradan bu tapşırıqları unudurlar".

AzNews.az