Başı kəsilən amerikalı jurnalistin acı hekayəti... - FOTOLAR

21 Avqust 2014 14:39 (UTC+04:00)
İŞİD-in qətlə yetirdiyi Cim Foulinin xilası üçün Obamanın birbaşa göstərişi ilə xüsusi əməliyyat keçirilibmiş, lakin missiya boşa çıxıb; terrorçulara isə ABŞ qanunlarına görə, təzminat verilmir...

Xəbər verildiyi kimi, ABŞ prezidenti Barak Obama İŞİD terrorçularını amerikalı jurnalist Cim Foulinin edamını sərt şəkildə pisləyən bəyanatla çıxış edib. musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ağ Ev rəhbəri öz bəyanatında İŞİD-in dinə heç bir dəxli olmadığını xüsusi vurğulayıb.

"Terror təşkilatının qurbanlarının mütləq əksəriyyəti müsəlmanlardır, inanc isə insanları öldürməyi öyrətmir", - deyə Obama qeyd edib. Prezident əmindir ki, İŞİD kimi qruplaşmanın təmsilçilərini labüd məğlubiyyət gözləyir: "Çünki gələcək həmişə qurucularındır, dağıdıcıların yox. Sülh Cim Fouli kimi insanlar və bu qətldən şoka düşən bəşəriyyətin əksəriyyəti tərəfindən formalaşır. Biz bir şeylə razılaşa bilərik – İŞİD tipli qruplaşmalara XXI əsrdə yer yoxdur". Ağ Ev başçısı amerikalıları bütün dünyada müdafiə edəcəklərinə, ekstremistlərlə mübarizəyə ara verməyəcəklərini vəd edib.

Bu arada amerikalı jurnalistin girovluqdan azad edilməsi ilə bağlı ABŞ-ın göstərdiyi, lakin uğursuzluğa düçar olan cəhdlərinin ilkinc detalları məlum olub. Sən demə, edamdan bir neçə ay Amerika dövləti onun xilası üçün xüsusi əməliyyat keçirib, lakin cəhd boşa çıxıb. Bunun ardınca isə terrorçuların tələb elədiyi təzminatın ödənilməsindən imtina edilib.

Boşa çıxan missiya haqda jurnalistlərə Ağ Ev təmsilçisi danışıb. Onun sözlərinə görə, missiya son ana kimi, daha doğrusu, girovları azad eləməkdən ötrü növbəti əməliyyata əngəl yaranmaması üçün gizli saxlanılıb. Məlumata görə, uğursuz əməliyyat bu ilin əvvəlində keçirilib.

"Delta" qruplaşmasının 20-dək xüsusi təyinatlısından ibarət komandanın missiyası birbaşa prezident Barak Obama tərəfindən sanksiyalaşdırılıbmış. Bildirilir ki, Suriyanın şimalında, neft emal edən zavodun yaxınlığında xüsusi təyinatlılar döyüşlə girovların saxlanıldığı ehtimal edilən yerə çatıblar. Havadan onlara bir neçə təyyarə və vertolyot dəstək verib. Lakin "Delta" döyüşçüləri lazımi nöqtəyə çatanda bəlli olub ki, orada heç bir girov yoxdur. Əsgərlər silahlılarla atışıblar. Bundan sonra Amerika təyyarəsi öz döyüşçülərini götürərək təhlükəsiz yerə aparıb.

Xüsusi təyinatlılardan biri yaralanıb. Terrorçular minimum bir təyyarəni atəşə tutub. Lakin dəstənin bütün üzvlərini evakuasiya eləmək mümkün olub. Döyüş zamanı bir neçə yaraqlı öldürülüb. Ağ Ev təmsilçisi komandosun neçə girovu azad eləmək istədiyi haqda isə konkret heç nə söyləməyib.

Lakin ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən iki nümayəndəsi Ağ Evin əməliyyat haqda informasiyanı açıqlamasına etiraz bildirib. Onlardan biri bunu belə izah edib ki, uğursuz əməliyyat yaraqlılara bir xəbərdarlıq olub ki, amerikalılar onlara qarşı yeni hərbi əməliyyat hazırlayır, odur ki, öz təhlükəsizliklərini daha da gücləndiriblər.

"Biz dəqiq bilmirik ki, onların (girovların – red.) yerini niyə dəyişibmişlər. Biz həmi yerə çatanda artıq gec idi. Ola bilsin dəstə bir neçə saat və ya 1-2 gün gecikibmiş" – deyir xüsusi təyinatlılardan biri. Ağ Ev rəsmisinin sözlərinə görə, kəşfiyyat "dəqiq elm" deyil, onun haqqında informasiyalar müxtəlif mənbələrdən toplanır və mənzərə də həddən-artıq böyük zaman ərzində qurulur: "Ancaq biz heç vaxt girovların bədbəxt durumunu unutmurduq".

Uğursuz əməliyyatdan sonra isə İŞİD Amerika tərəfinə Foulinin, daha iki amerikalı və bir neçə britaniyalının azad edilməsi üçün çoxsaylı tələblərdən ibarət böyük bir siyahı verib. Siyahıda girovların azad edilməsi üçün təzminatdan (100 milyon dollar) tutmuş, terrorçuların silahdaşlarının, o cümlədən "əl Qaida" ilə əlaqədə suçlandırılaraq tutulan və Texas türməsində saxlanılan pakistanlı nevroloq Aaki Siddikin azad edilməsinə qədər bir sıra tələblər olub.

Lakin Amerika və Böyük Britaniya qanunvericiliyi girovların azad edilməsinə görə terrorçulara pul təzminatı ödəməyi nəzərdə tutmur. Bu iki dövlətdən fərqli olaraq Avropa Birliyi ölkələri öz vətəndaşlarını girovluqdan xilas eləmək üçün indiyədək müntəzəm şəkildə böyük paralar ödəyib. Təkcə 2014-cü ildə bu yolla ekstremistlərin əlindən 4 fransız və 3 ispan xilas edilib...

AzNews.az