Heydər Əliyev Fondu ilə bağlı tədbir keçirilib

22 Avqust 2014 09:48 (UTC+04:00)

APA-nın məlumatına görə, tədbirdə Dövlət Komitəsi, Prezident Administrasiyası, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin üzvləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri başçıları iştirak ediblər.

Öncə Dövlət Komitəsinin həyətində Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlərə həsr edilmiş foto stendlərə baxış keçirilib. Daha sonra Heydər Əliyev Fondunun fəaliyyəti barədə film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət və incəsənətimizin inkişafı sahəsində fəaliyyəti, Fondun qaçqın və məcburi köçkünlərə qayğısı istiqamətində gördüyü işlərdən danışıb. M.Əliyevanın muğam sahəsində gördüyü işlərdən söz açan Ə.Həsənov deyib ki, "Muğam televiziya müsabiqəsi"ndə 22 qalibdən 6-nın qarabağlı olması təsadüfi deyil, muğamın Qarabağda yarandığını təsdiqləyir. O, M.Əliyevanın hər il Yeni il və Novruz bayramı şənliklərində qaçqın və məcburi köçkün uşaqları yaddan çıxarmadığını qeyd edib. Ə.Həsənov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "Xocalıya ədalət" kampaniyasının uğurla davam etdiyini söyləyib.

Ə.Həsənov bildirib ki, dövlət başçısı ilə bərabər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür: "Prezident İlham Əliyevin Avropa Şurası Parlament Asssambleyasında çıxışında Ermənistanın ikiüzlülüyünü ifşa etməsi göstərdi ki, o, Azərbaycan xalqının ləyaqətli oğludur. Soçi görüşündə də İlham Əliyevin Serj Sərkisyanı "erməni faşisti" adlandırması göstərdi ki, dövlət başçısı yalnız xalqa arxalanır".

"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Heydər Əliyev Fondunun fəaliyyətinin onları da fəaliyyətlərində məsuliyyətli olmağa sövq etdiyini vurğulayıb: "Məcburi köçkünlər bəzən bizə deyirlər ki, problemlərimiz həll olunmasa, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edəcəyik. Bunun özü də bizi fəaliyyətimizdə daha məsuliyyətli olmağa sövq edir".

Tədbir çıxışlarla davam edib.


AzNews.az