Azərbaycanlı terrorçu - ABŞ serialında

23 Avqust 2014 08:41 (UTC+04:00)


AzVision.az xəbər verir ki, "Lotereya" (The Lottery) serialı bir ay əvvəl "Lifetime" kabel kanalında yayımlanmağa başlayıb. Postapokaliptik fantastika janrında olan filmin süjetinə görə, gələcəkdə qadınlar doğmaq qabiliyyətini itirirlər. 100 embrion süni şəkildə mayalanandan sonra, onları bətnində daşımaq üçün 100 qadın lotereya yolu ilə seçilir.

Şounun birinci sezonun dördüncü bölümünün əvvəllərində həmin proqrama rəhbərlik edən qadın alimi öldürməyə çalışan terrorçunun milliyyətinin azərbaycanlı olduğu bildirilir. Qeyd edək ki, filmdə qadını qoruyan FBI əməkdaşları "azərbaycanlı" terrorçunu yerindəcə güllələyirlər.

Serialın yaradıcısı və ssenari müəllifi Timoti C. Sekston, prodüser və rejissor isə Deni Kennondur. Baş rolda Marli Şelton oynayan filmi "Warner Horizon Television" studiyası istehsal edib.

Sirr deyil ki, Hollivud filmlərində məhz kimlərin terrorçu kimi göstərilməsi heç vaxt təsadüfi seçilməyib. Məsələn, "soyuq savaş" dövründə terrorçular əsasən ruslar olurdular. Sonradan bu yeri şimali koreyalılar, çinlilər, daha sonra ərəblər tutmağa başladı. Və bu seçim əslində ictimai fikrə təsir göstərməyin bir metodudur. İndi azərbaycanlının terrorçu kimi göstərilməsi nə məqsəd daşıyır? Hardan hara? Nəyə görə? Məgər dünyada "azərbaycanlı terrorçu" faktoru var?



AzNews.az