Zəminə Əliqızı: “Valideynlər tədris prosesini pozur”

13 Sentyabr 2012 07:15 (UTC+04:00)


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının AzNews.az-a müsahibəsi:

- Zəminə xanım, yeni tədris ili ərəfəsindəyik. Bu dövrdə təbii olaraq bütün diqqət təhsilə yönəlir. Yeni tədris ili hansı yeniliklərlə yadda qalacaq?

- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu tədris ilində Bakı şəhərində 5060 şagird yerlik 7 yeni məktəb binası inşa edilib. 8 məktəbdə şagird sıxlığının aradan qaldırılmaq üçün 3180 yerlik əlavə korpus tikilib. 4 məktəbin idman və akt zalları tamamilə yenilənib. 62 məktəbdə əsaslı təmir işləri aparılıb. 3 məktəbin istilik sistemi təmir edilib, 2 məktəbə qaz xətti çəkilib. Məktəblərə 221 adda 477 min 830 ədəd dərslik, 32 adda 28 min 93 ədəd dərs vəsaiti verilib. Orta təhsil səviyyəsi üzrə fənn kurikulumlarının tətbiqi ilə əlaqədar 5 min müəllim kurikulum təlimlərində iştirak edib.

- İlbəil təhsilin inkişafı üçün ayrılan vəsait artırılır, yeni məktəblər tikilir, təmir edilir. Belə olan halda təhsilin keyfiyyəti ilə bağlı vəziyyətin yaxşılığa doğru dəyişməməsi ilə bağlı söyləntilər nədən qaynaqlanır?

- İlk növbədə valideyn məsuliyyətsizliyindən. Baxın, uşaqlar məktəbə 6 yaşı olanda gəlirlər. Bu zamana qədər isə onların zövqü, maraq dairəsi, psixologiyası artıq formalaşmış olur. Əgər uşaq evdə seriallara baxırsa, zövqsüz musiqiləri dinləyirsə, onlarda artıq müəyyən dəyişikliklər baş verib. 1-4-cü siniflərdə problem olmur, çünki bu yaşdakı uşaqların valideynləri mütəmadi olaraq məktəblə əlaqə saxlayırlar. 5-ci sinifdən isə valideynləri tapmaq mümkün olmur. Mən 6 ildir bu idarədə işləyirəm. Heç bir valideyn hansısa müəllimin dərsində iştiraka şərait yaradılmaması ilə bağlı müraciət etməyib. Çünki övladlarının təhsilinə maraq olmur. Hətta "Məktəbli kitabçaları"nı həftədə bir dəfə imzalamırlar. Belə olan halda uşaqların təhsil vəziyyətindən xəbərdar olmadan şikayətlənməyə nə əsasları var? Müəllimlər öz işlərinin öhdəsindən gəlir, sadəcə onların işi vaideynləri maraqlandırmır. Biz dəfələrlə bəyan etmişik ki, məktəblərin qapısı bütün valideynlərin üzünə açıqdır, sadəcə bu qapına açıb məktəbə gələn azdır. Səbəb də sovet təfəkkürünün insanlarımızı hələ də tərk etməməsidir. İnanmaq istərdim ki, yaxın gələcəkdə bu aradan qalxacaq, amma inanmaq da çətindir. "Hər şeyi hökumət etməlidir" düşüncəsi hakimdir. Dövlət bundan artıq nə edə bilər ki? Məktəblər tikilir, təmir olunur, təchizat yüksək səviyyədədir, dərsliklər pulsuz verilir. Qalır valideynlərin öz övladları qarşısında vəzifələrini yerinə yetirmələri. Bunun üçünsə düşüncə dəyişməlidir. Uşaqların pula, bahalı brendlərə ehtiyacı yoxdur, onların nəvazişə ehtiyacı var. Valideynlər vəzifələrini yerinə yetirməkdənsə günahkar axtarırlar. Uşaq uğursuzluqla üzləşibsə, siqaret çəkirsə, psixoloji problemi varsa məktəb günahkardır. Sonuncu dəfə hansı müəllimin dərsində oturduğunu valideyn xatırlamırsa, problemləri həll etmək mümkün ola bilərmi? Yaxud övladının geyiminə nəzarət etmirsə, bütün günahı məktəbin üstünə atmaq sadəcə məsuliyyətdən yaxa qurtarmağa çalışmaq deyilmi? Yuxarı siniflərdə valideynlər övladlarını dərsdən yayındırır. Bunun təməli də hələ əvvəldən qoyulur. Uşağa təlqin edilir ki, 9-cu sinifdən sonra repetitor tutacaqlar, buna görə də şagirdin dərsə marağı azalır.

-Amma valideynlərin də öz arqumentləri var. Onlar da məktəbdə dərslərin normal keçmədiyi üçün əlavə hazırlığa ehtiyac olduğunu deyirlər...

- Tədris prosesini valideynlər pozur. Unudurlar ki, repetitor da Azərbaycan məktəbinin müəllimidir. Kütləvi şəkildə repetitorluğa maraq yaranıb. Mütəmadi olaraq, fasiləsiz şəkildə dərsə gəlib müəllimi dinləmək kifayətdir. Valideynlər hətta övladlarını dərsdən ayırmaq üçün nəsə təklif edirlər.

-Amma direktorlar da onlara bu şəraiti yaradır...

-Heç bir direktor buna razılıq verməz. Tədris prosesi elə qurulub ki, ali məktəb imtahanından əvvəl attestat imtahanı verilməlidir. Əgər şagird dərsə gəlməsə, attestatı necə alacaq? Yaxud elə götürək bayramlarda valideynlərdən pul yığmasını. Təhsil naziri Misir Mərdanov özü də dəfələrlə bəyan edib ki, belə tələb ola bilməz. Daha hansı səviyyədə deyilməlidir ki, valideynlər öz haqlarını müdafiə etsinlər?

- İkinci ildir ki, paytaxt məktəblərində vahid formalar tətbiq edilir. Məktəb ərəfəsində saxta formalarla bağlı məlumatlar var və valideynlər narahatdır. İdarənin bu məsələdə mövqeyi necədir?

- Bizi ilk növbədə vahid məktəbli formasına riayət maraqlandırır. Amma təəssüf ki, bu məsələdə də yanaşma fərqlidir. Bəzi valideynlər forma almağa imkanlarının çatmadığını bildirir. Vahid forma tətbiq edilməzdən əvvəl uşaqları məktəbə hansısa geyimlə göndərmirdilər, həmin geyimlərə pul xərclənmirdi? Yuxarı siniflərdə, xüsusən qızlar həftədə bir dəfə yeni paltar geyinməsələr, məktəb getmək istəmirdilər. Bunlar faktdır. İndiki halda isə il ərzində formaya maksimum 100 manat pul tələb olunur. Əgər buna imkanı çatmayanlar varsa, məktəblərin valideyn-müəllim assosiasiyasına müraciət edə bilərlər. Bəzən son model xarici maşından düşüb imkansız olduğuna dair arayış gətirənlər olur. Valideynlərdə məsuliyyət hissi azalıb. O ki, qaldı formalarla bağlı digər məsələyə, bizi ancaq şagirdlərin keyfiyyətli forma geyinməsi, sağlamlığı maraqlandırır. Əgər forma bir ay sonra istifadəyə yararsız hala düşəcəksə, valideyn buna getməməlidir. Ölkədə patentlə fəaliyyət göstərən müəssisə var və yetərli sayda forma istehsal edir. Bizim üçün formaların haradan alınması maraqlı deyil, təki uşaqların sağlamlığına heç bir təhlükə olmasın.

- Formasız şagirdlərin məktəbə buraxılmaması kimi bir vəziyyət ola bilərmi?

-Xeyr, hamı üçün təhsilə şərait yaradılmalıdır. Belə hal ola bilməz ki, şagird məktəbə buraxılmasın. Əgər forma geyinmirsə, həmin şagirdə, valideynlərinə xəbərdarlıq edilir. Məktəblərdə vahid forma var və hamı onu geyinməlidir.

- Formalarla bağlı hansısa güzəştlər nəzərdə tutulurmu?

- Güzəştlər ancaq 7-ci sinif şagirdlərinə tətbiq ediləcək. Vahid formalar 1-6-ci siniflər üçün eyni, 7-ci sinifdə isə fərqlidir. Yəni 6-ci sinifdə geyinilən forma 7-ci sinifdə istifadə oluna bilməz. Amma satış mağazalardan əldə etdiyimiz məlumata görə, 7-ci siniflər üçün formaların satışı zəifdir. Yəqin ki, valideynlər əvvəlki formalardan istifadə ediləcəyini düşünürlər. Ona görə də 7-ci sinif şagirdlərinə oktyabra qədər müddət verilə bilər.

-Birinci siniflərə qəbulla bağlı valideynlərdən pul istənilməsinə dair fikirlər səslənir. İdarəyə bununla bağlı müraciətlər olubmu?

-Xeyr. 441-06-99 qaynar xətt xidmətinə son günlər müraciətlərin sayı artsa da, şikayət xarakterli müraciətlər daxil olmayıb. Daha çox məlumat almaq üçün zənglər daxil olur. Bir daha bildiririk ki, belə halla qarşılaşanlar bizə məlumat versinlər.

E.Əlosmanqızı
AzNews.az