Obama xəbərdarlıq etdi

13 Sentyabr 2012 09:32 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama Dövlət katibi Hillari Klintonla birgə Liviyanın Benqazi şəhərində səfirin öldürülməsi ilə nəticələnən hücuma münasibət bildirib. AzNews.az-ın xinhuanet.com saytına istinadən verdiyi xəbərə görə, Obama səfirliyə edilən hücumu qınayıb və cinayəti törətmiş şəxslərin ədalət məhkəməsinə çıxarılacağını deyib.

"Biz baş verən bu qanlı hadisəni qınayırıq. Hər hansı səhvə yol vermədən, Liviya hökuməti ilə cinayətkarların ədalət məhkəməsi önünə çıxarılması üçün birgə iş aparacağıq".

Prezident Obama dini hisslərə toxunulmasını düzgün hesab etmədiyini desə də, bu cür qanlı olaylara haqq qazandırıla bilməyəcəyini vurğulayıb və əlavə edib ki, biz diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinə daha çox diqqət ayıracağıq.
Dövlət katibi Hillari Klinton isə səfirin ölümü ilə nəticələnən qanlı olayın ABŞ Liviya münasibətlərinə xələl gətirməyəcəyini deyib. "Biz güclü və demokratik Liviyanın qurulmasında maraqlıyıq. Bu xalq və ya dövlət tərəfindən törədilmiş olay deyil, ayrı-ayrı cinayətkar qrupların hərəkətləridir".

Sadiq
AzNews.az