Prokurorluq orqanlarına imtahan keçirilir

13 Sentyabr 2012 09:35 (UTC+04:00)
Bu gün Azərbaycan Texniki Universitetinin idman sarayında respublikanın prokurorluq orqanlarına vakant yerlərə imtahan keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzNews.az-a verilən məlumata görə, 100 vakant yerə 461 namizəd var. Test imtahanı 3 saat davam edir. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq: ixtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir.

Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar.

İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdiriləcək.

İlkin
AzNews.az