Hüseyn Cavidin ailəsində ağır itki

28 Avqust 2014 10:28 (UTC+04:00)
Azərbaycanın böyük şair-dramaturqu Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əbülfəz Naxçıvanlı dünyasını dəyişib.

Hüseyn Cavidin Ev Muzey ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, şair, publisist Əbülfəz Naxçıvanlı 1948-ci ildə Naxçıvanda anadan olub. 1966-cı ildə Naxçıvan şəhər 7 saylı orta məktəbini, 1972-ci ildə isə BDU-nun filologiya fakültəsini bitirib. 1992-ci ildən "Maarif" nəşriyyatının redaktoru olan Ə.Naxçıvanlı çoxsaylı dərslik, dərs vəsaiti, monoqrafiya və bədii kitabları redaktə etmiş, onların ideya məzmun, dil-üslub cəhətdən qüsursuz işıq üzü görməsində əməyini əsirgəməyib. 1965-ci ildən ölkə mətbuatında müntəzəm çıxış edən Ə.Naxçıvanlı 400-dən çox publisistik məqalənin, şeirləri və poemalarından ibarət 11 kitabın, eləcə də 2 monoqrafiyanın müəllifidir.

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı və muzeyin əməkdaşları Ə.Naxçıvanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüzunlə başsağlığı verir.

Allah rəhmət eləsin!

AzNews.az