Azərbaycanda dördüncü mobil operator - “Naxtel“

29 Avqust 2014 08:04 (UTC+04:00)
Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA standartlı simsiz rabitə operatoru 1800-2100 MHz diapazon GSM tezliklərindən istifadə etmək üçün lisenziya almağa hazırlaşır. Bunu çərşənbə axşamı Trend-ə NMR-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fərid Hacıyev deyib.
Onun sözlərinə görə, "Naxtel"in Azərbaycanın bütün ərazisində mobil rabitə xidmətini işə salmaq məqsədilə lisenziya almaq üçün yaxın vaxtlarda Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edəcəyi gözlənilir.

Hazırda operator 800-900 MHz diapazon tezliyindən istifadə etməklə CDMA standartında simsiz rabitə xidmətləri göstərir. Şirkət Azərbaycanda 4-cü GSM operatoru olmağa iddialıdır.
F.Hacıyev qeyd edib ki, şirkət 4G şəbəkəsinin tətbiq edilməsi üzrə layihə hazırlayıb: "4G ilkin mərhələdə NMR ərazisində əlçatan olacaq. Növbəti mərhələdə isə 4G şəbəkəsi Azərbaycanın bütün ərazisini əhatə edəcək. Ölkənin digər mobil rabitə operatorları kimi "Naxtel" şirkəti də GSM standartında rabitə xidmətləri göstərəcək".
Onun sözlərinə görə, opratorun şəbəkəni kommersiya baxımından işə salması cari ilin sonuna planlaşdırılıb, lakin tarixin gələn ilin əvvəlinə keçirilməsi istisna olunmur.

"Naxtel"in öz baza stansiyalarının tikintisi üzrə planlarını şərh edən F.Hacıyev bildirib ki, birinci mərhələdə "Bakcell", "Azercell" və "Azerfon" mibil operatorların baza stansiyalarının üzərindən rabitə və internet xidmətlərinin göstərilməsi nəzərdə tutulur: "Bu məsələ Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yardımı ilə razılaşdırılacaq. Şirkət mərhələli olaraq baza stansiyalarının tikintisini və genişləndirilməsini planlaşdırır".

AzNews.az