Azərbaycan XİN-dən ABŞ-a sərt cavab -Açıqlama

29 Avqust 2014 13:44 (UTC+04:00)

ABŞ başqa ölkələrdə problemlər axtarmaq əvəzinə, öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi məşğul olmalıdır".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu qurumun sözçüsü Elman Abdullayev ABŞ Dövlət Departamenti sözçüsü Cen Psakinin Azərbaycanda insan haqlarının və vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı açıqlamalarına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Departament sözçüsünün Azərbaycanla bağlı səsləndirdiyi fikirlər əsassız və qəbuledilməzdir: "Siyasi mahiyyət daşıyan, Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir.

E.Abdullayev xatırladıb ki, ABŞ-ın özündə insan haqları, sərbəst toplaşmaq azadlığı ilə bağlı ciddi problemlər var: "ABŞ-ın Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan haqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin, hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etməkdən uzaqdır".

AzNews.az