Sərkisyanın Qarabağa son uçuşu...

1 Sentyabr 2014 08:14 (UTC+04:00)


Bir həftə əvvəl Vəfa Quluzadə Moskvanın nüvə silahına əl ata biləcəyi haqda xəbərdarlıq etmişdi. Onda Rasim Ağayev "Göydən yerə daş düşsə, Vəfa Quluzadə deyəcək, bu daşı Rusiya göydən yerə atıb" deyərək ironiyalı reaksiya vermişdi.

Budur, Putin onu təmizə çıxartmaq istəyən Ağayevi yox, Quluzadəni təsdiqlədi. Rusiya prezidenti Qərbə ölkəsinin nüvə gücünü xatırlatdı və "bizimlə qarşıdurmaya girməmək ən yaxşısı olar" dedi. Putin o qədər irəli gedib ki, hətta Qazaxıstan adlı dövlətin mövcudluğuna şübhə edir, Nazarbayevi hədələyir.

Rusiyanın dünyanı təhdid etdiyi günlərdə ermənilərin də əlinə fürsət düşüb. Arxalı köpək məsələsi yəni... Sabah Ermənistan prezidenti Serj Sərkisyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. Bəli, Azərbaycana - ölkəmizin ayrılmaz hissəsi saydığımız Dağlıq Qarabağa. Amma fakt budur ki, düşmən on illərdir bu torpaqları bizim əlimizdən almağı və indiyədək cəngində saxlamağı bacarıb. Sərkisyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin 23-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək. Nümayəndə heyəti sanki xarici ölkəyə səfər edəcək, nazirlər və diaspor erməniləri də tədbirə təşrif buyuracaq.

Qubadlının işğalının 21-ci ildönümündə bunları yazmaq çox ağırdır. Amma bu, acı həqiqətdir, röya deyil. Sabah ermənilər Xankəndidə hərbi parad keçirəcək, Şuşa şəhərində isə Geoloji Muzeyin açılışını edəcəklər. Ermənistan parlamentinin bütün fraksiyalarını təmsil edən deputat qrupu da Qarabağda olacaq. Bu barədə xəbər yayılandan sonra rəsmi Bakı gərək bütün beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb Sərkisyanın gəlişini əngəlləmək üçün cəhdlər göstərəydi. Ancaq biz bunu müşahidə etmirik. Qarabağ separatçıları 1991-ci il sentyabrın 2-də Azərbaycandan ayrıldıqlarını, qanunsuz olaraq öz müstəqilliklərini elan etdiklərini bəyan ediblər və onların azğınlıqları artıq adi qarşılanır. Bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının tanıdığı "DQR" öz "müstəqilliyini" qeyd edəcək.

Qarabağ canisi Köçəryan Rusiyada çıxan "Nuhun Gəmisi" qəzetinə müsahibəsində deyib ki, Ermənistan batır. Ermənilərin it kökündə yaşadığı, imkanı çatanın ölkədən qaçıb getdiyi məlumdur. Ermənilər o kökdədir ki, hətta Borçalıda azərbaycanlıların həyətində yer belləyir, tualet yeri qazır, odun doğrayır, günəmuzd işləyirlər. Düşmən millətin qapısında qul kimi işləməyə belə dözürlər. Ancaq nə Köçəryanın dedikləri, nə ermənilərin sayının ilbəil azalması bizi arxayınlaşdıra bilməz. Ermənistanda bir erməni qalmasa belə, nə qədər Rusiya imperiyası var, Azərbaycan təhlükə ilə üzbəüz qalacaq. Bu təhlükəni önləməyin ən birinci yolu ölkədə milli birliyin təminatına nail olmaq, qarşıdurmanı aradan götürməkdir.

Düzdür, mən Rusiya təhlükəsindən Azərbaycanı Qərbin də xilas edəcəyini zənn etmirəm. Gürcüstan, Ukrayna nümunəsi var... Necə ki, o Qərb 1920-ci ildə müstəqilliyini tanıdığı Azərbaycanın tikə-parça edilməsinə, 30-cu illərdə bu xalqın qaymaqlarının kütləvi məhvinə göz yumdu, hətta 1945-46-cı illərdə Cənubi Azərbaycanda qurulan Demokratik Respublikanın süqutuna imkan yaratdı. Demokratiya nağıllarını da çox eşitdik bu illərdə. Ancaq mənə torpağımı 20 ildən çoxdur işğalda olduğu halda işğalçını öz adı ilə tanımayan, üstəlik bir dılğır erməninin ölümünə görə Azərbaycana nota verən Qərbin demokratiyası lazım deyil! Belə yanaşma varkən onun gətirdiyi demokratiya İraqdakı İŞİD-dən yaxşı olmayacaq. Azərbaycanın 4 mindən çox əsir və itkini var, Qərb nə zaman Ermənistandan bu itkinləri tələb edib? Heç vaxt!

Üstəlik, işğalçıya hər il milyonlar ayırırlar. Budur, həmin milyonlar hesabınadır ki, 2 sentyabrda işğalçı ölkə Qarabağda hərbi parad və bayram tədbiri keçirir. Azacıq ədalət olsaydı, Azərbaycan bir raket zərbəsilə Sərkisyanı və onun canilərdən ibarət nümayəndə heyətini məhv edər, 1991-ci ildəki 20 noyabr qətliamının cavabını da verərdi, İsmət Qayıbovun, Məhəmməd Əsədovun, Vəli Məmmədovun... qisası alınardı.

Kəsəsi, dünyada ədalət olsaydı, sabah Sərkisyanın Qarabağa son gəlişi kimi tarixə düşərdi. Elə hərbi paradı qəbul edən zaman bircə raket zərbəsi və ermənilərin Qarabağda dağılan tifağı... Təsəvvür edirsinizmi? Qarabağ məsələsinin həlli bu qədər sadədir. Ancaq ədalət olsaydı. Rusiya məlum, heç olmasa Qərbdə... Gözləyək, görək bir Qərb dövləti Sərkisyana "Azərbaycan torpağında nə ölümün var" deyib onu qınayacaqmı...?! Ərdoğan Sərkisyanı dostsayağı inauqurasiyasına dəvət etmişdi. Bu da onun cavabı...