Komitəyə 200-ə yaxın elektron müraciət daxil olub

13 Sentyabr 2012 14:59 (UTC+04:00)
İndiyədək Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) daşınmaz əmlakla bağlı çıxarışların və arayışların (Forma 1) verilməsi ilə bağlı 200-ə yaxın elektron müraciət daxil olub. AzNews.az-ın verdiyi xəbərə görə, ƏMDK-nın yaydığı məlumatda bildirilir ki, 2012-ci ilin may ayından daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi əmlak bazarında şəffaflığın daha da yüksəlməsinə, bazar iştirakçılarının etimadının artmasına, vətəndaşların əmlaklarını daha rahat və operativ şəkildə dövlət qeydiyyatından keçirməsinə imkan yaradıb.

Artıq vətəndaşlar daha asan və rahat şəraitdə vaxtlarına qənaət edərək, istənilən zaman heç bir ünvana müraciət etmədən komitənin emdk.gov.az saytında yaradılmış elektron xidmətlər bölməsi vasitəsi ilə yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlak üzərində hüquqlarının məhdudlaşdırılmasına dair arayışlarının verilməsi barədə çıxarışların verilməsi üçün müraciət edirlər. İndiyədək komitəyə daşınmaz əmlakla bağlı çıxarışların və arayışların (Forma 1) verilməsinə dair 200-ə yaxın elektron müraciət daxil olub. Bakı şəhəri ilə yanaşı, respublikanın digər regionlardan da daxil olan bu müraciətlərin icrası onlayn rejimində təmin edilib.

Komitənin rəsmi internet səhifəsində daşınmaz əmlakın vahid dövlət kadastrı ilə bağlı xidmətlər, dövlət əmlakı üzrə icarə haqlarının ödənişi, dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabatların qəbulu, vətəndaşların elektron müraciətini əhatə edən elektron xidmət fəaliyyət göstərir. Bu bölmədə elektron xidmətlərin göstərilməsi qaydaları, əmlak qeydiyyatı və hərraclarda iştirak üçün müraciət (ərizə) formaları, tələb olunan sənədlərin siyahısı, dövlət rüsumu və xidmət haqları, bir sözlə elektron xidmətlərdən istifadə etmək üçün tələb olunan bütün məlumatlar yerləşdirilib. Həmçinin komitənin internet saytı vasitəsilə xidmətlərə görə elektron ödənişlərin həyata keçirilməsinə də imkanlar təmin edilib.

Sevinc
AzNews.az