«Novostroyka» larla bağlı Baş nazirə müraciət edildi

3 Sentyabr 2014 19:47 (UTC+04:00)

Son illərdə Bakıda, ölkənin digər rayon və şəhərlərində mənzil-tikinti kooperativləri tərəfindən xeyli sayda çoxmənzilli (hündürmərtəbəli) yaşayış binaları inşa edilərək istismara verilib. On minlərlə sakin "novostroyka" adlandırılan yeni binalarda yaşayır. Artıq bu qəbildən olan mənzillər təkrar bazarın obyektinə də çevrilib. Yeni binalarda pasport qeydiyyatı hansı qaydada və hansı orqan tərəfindən aparılır? Mənzil, mülkiyyət və qeydiyyat haqqında qanunvericilik günün tələblərinə cavab verirmi?

Əvvəllər, bir qayda olaraq, çoxmənzilli binalara ərazi üzrə MİS-lər xidmət göstərirdi. Bu qurumlar binalara kommunal xidmətlə yanaşı, sakinlərin qeydiyyatının aparılması ilə də məşğul idilər. İndi həmin funksiyaların bəzilərini yeni binaların kooperativləri, MMC-lər v s. həyata keçirir. Vətəndaşların yaşayış yeri üzrə pasport qeydiyyatını isə Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələri aparır. Lakin mövcud qanunvericiliyə uyğun olaraq, vətəndaşın konkret ünvana pasport qeydiyyatına alınması barədə məlumatın yaşadığı binanın MMC-nə, kooperativinə göndərilməsi nəzərədə tutulmayıb. Pasport qeydiyyatı şəxsin adı, ata adı və soyadı, eləcə də təvəllüdü üzrə sistemləşdirilir.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun və bu Qanunun tətbiq edilməsi haqqında (Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773 İQ saylı qanunu ilə təsdiq edilmiş) Əsasnamədə, eləcə də digər normativ hüquqi aktlarda yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası DİN) qeydiyyata alınma barədə məlumatları şəxsin (şəxslərin) qeydiyyata alındıqları binanın mənzil istismar xidmətini həyata keçirən qurumlara, o cümlədən mənzil istismar kooperativlərinə vermək vəzifələri nəzərdə tutulmayıb. Əsasnamədə yalnız DİN-ə öz səlahiyyətləri daxilində həyata keçirdikləri yaşayış yeri üzrə qeydiyyata alınma haqqında məlumatları "giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürməli olmaları vəzifəsi ehtiva olunmuşdur.

Ona görə də hazırda Azərbaycan Respublikası DİN-nin müvafiq struktur idarəsi tərəfindən yeni binalarda mənzil istismar xidmətini həyata keçirən qurumlara, mənzillərə qeydiyyata alınmış şəxslər barədə bu və ya digər məlumat verilmir. Bəzi hallarda kooperativ binada mənzil mülkiyyətçisi olan şəxs (şəxslər) öz istəklərinə uyğun olaraq öz mənzillərinə qeydiyyata düşmüş şəxslər barədə mənzil istismar xidməti göstərən qurumlara şifahi məlumat verirlər ki, bunu da rəsmi məlumat hesab etmək olmaz. Digər tərəfdən, mənzillərinə qeydiyyata düşən şəxslər barədə məlumat vermək vəzifəsi, normativ aktlara əsasən, mənzil mülkiyyətçilərinə də həvalə olunmamışdır. Belə vəziyyətdə kooperativ binada mənzili olan mülkiyyətçi öz mənzilini satmaq (özgəninkiləşdirmək) istədikdə notariat orqanları mənzildə qeydiyyatda olan şəxslərə dair arayış (Forma 2) tələb edir. Bu da mövcud qanunvericiliyin tələbidir. Lakin binanın kooperativi və ya MMC-də qeydiyyatda olan şəxslər barədə rəsmi məlumat olmadığından, belə arayışlar yalnız formal xarakter daşıya bilər. Bəzi hallarda verilmiş formal arayışla mənzil satılır. Sonradan yeni mülkiyyətçiyə məlum olur ki, onun mənzilində tanımadığı şəxs qeydiyyatdıdar. Və ya həmin tanımadığı şəxs (bu, əvvəlki mülkiyyətçinin ailə üzvü ola da bilər, olmaya da) yeni mülkiyyətçiyə qarşı məhkəmədə iddia qaldıraraq mənzilə istifadə və yaşayış hüququnu tələb edir. Bu cür mübahisələr təcrübədə çoxdur.

Hüquqi İslahatlara Yardım Mərkəzinə bəzi MTK-dan daxil olmuş müraciətlərdə bu problemin həlli ilə bağlı hüquqi yardım göstərilməsi xahiş olunur. HİYM-in sədri Natiq Abdullayevin analitik.az-a bildirdiyinə görə, bu problemin qanunvericilik qaydasında həll edilməsinə zərurət vardır. Ona görə də HİYM sədri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-Zadəyə müraciət edib. Müraciətdə deyilir:

"Hörmətli cənab Baş Nazir!
…Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat"ın II fəslinin 49-cu maddəsində göstərilmişdir ki, yaşayış evinin, mənzilin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

Bu tələbə əsaslanan notariat orqanı, mənzilin özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması barədə müvafiq əqdi rəsmiləşdirərkən, mənzilini özgəninkiləşdirmək və ya ipoteka ilə yüklü etmək istəyən şəxsdən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə arayış tələb edir. Adətən, mənzildə qeydiyyatda olan şəxslər barədə verilən arayışlarda mənzil mülkiyyətçisinin verdiyi məlumatlara istinad olunur ki, bu da gələcəkdə müəyyən mübahisələrə əsas yaratmaqla, haqlı olaraq da notariat orqanları tərəfindən də qəbul edilmir.

Konkret halda, "Altun Həyat" MMC "Zümrüd" MTK tərəfindən inşa edilərək istismara verilmiş çoxmənzilli (hündürmərtəbəli) binada yaşayan sakinlərə xidmət göstərir. Yuxarıda göstərdiyimiz əsaslara görə müvafiq notariat əməliyyatlarının rəsmiləşdirilməsi üçün sakinlərə qeydiyyat barədə arayışlar verilərkən müəyyən anlaşılmazlıqlar və çətinliklər yaranır. Yaranan bu vəziyyət hər hansı bir şəxsin bu və ya digər hərəkətinin (və ya hərəkətsizliyinin) nəticəsi deyil, məhz yuxarıda istinad etdiyimiz hüquqi aktlarda olan hüquqi vakuumun (boşluğun) təzahürüdür. Bu səbəbdən də məsələnin öyrənilməsi və müvafiq qaydada həll edilməsi üçün ölkənin Baş Naziri kimi Sizə müraciəti zəruri hesab etdik. Yuxarıda qeyd etdiyimiz məsələnin hüquqi cəhətdən tənzimlənməsi üçün təkliflərimizə diqqət yetirməyinizi Sizdən xahiş edirik.

Təklifimiz:


Məlumdur ki, 11.09.2000-ci il tarixdə 167 saylı qərarla təsdiq olunmuş Təlimatın qəbulundan keçən 13 ildən artıq bir müddətdə mənzil münasibətlərini, istifadə hüquqlarını və s. tənzimləyən yeni qanunlar, digərt normativ hüquqi aktlar, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən aidiyyatı qanunların şərhi ilə əlaqədar müvafiq qərarlar qəbul edilmişdir. Təcrübə göstərir ki, heç də vətəndaşlar qeydə alındıqları evlərdə (mənzillərdə) bir qayda olaraq faktiki yaşamırlar. Çox vaxt onlar hər hansı bir evə (mənzilə) formal olaraq qeydiyyata alınırlar… Azərbaycan Respublikası qanunvericiliyinin təhlili onu göstərir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat o halda müəyyən hüquqi nəticəyə səbəb ola bilər ki, şəxs qeydiyyatda olduğu evdə (mənzildə) faktiki yaşasın, bu evdə (mənzildə) onun istifadə hüququ əmələ gəlmiş olsun və bu hüququ mülkiyyətçi ilə bağlanan müqaviləyə əsasən (Azərbaycan Respublikası MM-nin 228-ci maddəsi) müvafiq dövlət reyestri orqanında reyestrə daxil edilmiş olsun.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə (maddə 228.2) əsasən öz mülkiyyəti üzərində sərbəst sahiblik və istifadə hüquqlarını həyata keçirən və onun barəsində müstəqil sərəncam vermək hüququ olan mülkiyyətçinin mükəlləfiyyəti yalnız qanuni əsaslarla mülkiyyətindən istifadə hüquqları yaranan, eləcə də müvafiq müqavilə əsasında mülkiyyətdə istifadə hüququ olan şəxslərə müəyyən kompensasiya verməklə onların istifadə hüquqlarına xitam verilməsini məhkəmədə həyata keçirməklə əlaqədardır. Mənzildə (evdə) qeydiyyatda olan digər şəxslərin mülkiyyəti üzərində bu və ya digər hüquqları yoxdur. (bax. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.İbrahimovun şikayəti üzrə qəbul etdiyi 12.04.2004-cü il tarixli qərar).

Bu baxımdan hesab edirik ki, yaşayış evinin, mənzilin özgəninkiləşdirilməsi və ya ipoteka ilə yüklü edilməsinə dair əqdlərin bağlanmasının həyata keçirilməsini mənzildə (evdə) kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması ilə əlaqələndirmək düzgün deyil. Belə əqdlərin bağlanması qanuni əsaslarla və ya müvafiq müqavilə ilə evdə (mənzildə) istifadə hüququ olan şəxslərlə əlaqələndirilə bilər ki, bu da onların istifadə hüquqlarının xitam edilməsi müqabilində müəyyən kompensasiya almaq hüquqlarının təmin edilməsi baxımından irəli gəlir.

Nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən istifadə hüquqları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti orqanları tərəfindən qeydə alınır. Belə olan halda notariat orqanlarının yuxarıda sözügedən əqdləri rəsmiləşdirərkən mənzildə (evdə) qanuni əsaslarla və ya müqavilə ilə istifadə hüququ olan şəxslərin dairəsini araşdırması, onların hüquqlarının təmin edilməsi baxımından, mənzildə (evdə) istifadə hüquqları olan şəxslərə dair arayışları tələb etməsi məntiqli, hüquqi və əsaslı olar. Belə bir arayışların verilməsi isə daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən təmin edilə bilər. Hazırda xidmət göstərdikləri binadan mənzildə qeydiyyatda olan şəxslər barədə tam, rəsmi və müfəssəl arayışların verilməsində kooperativlər üçün yaranan problemlər gələcəkdə dövlət tabeliyində olan mənzil istismar sahələrinin ləğv ediləcəyi təqdirdə, digər binalarda yaşayan sakinlər (mülkiyyətçilər) üçün də belə problemlərin yaranmasına əsas olacaqdır.

Bu baxımdan hesab edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 № li qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat"ın II fəslinin 49-cu maddəsindəki "...... kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması........." sözlərinin "..... kimlərin qanuni əsaslarla və ya müqavilə ilə istifadə hüququnun olması......" sözü ilə əvəz edilməsi məqsədəmüvafiq olardı. Eyni zamanda, mənzildə (evdə) istifadə hüququ olan şəxslərin qanuni əsaslarla müəyyən olunması məqsədilə daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın formasında dəiyşiklik edilərək, istifadə hüququ dövlət qeydiyyatına alınmış şəxslərin adlarının da mülkiyyət hüququnu təsdiq edən çıxarışda müvafiq olaraq "istifadə hüququ olanlar" qrafasında göstərilməsi məsələsinin normativ hüquqi aktlarla tənzimlənməsini təklif edirik.
Hesab edirik ki, Nazirlər Kabineti öz səlahiyyətləri çərçivəsində bu məsələni həll etmək üçün müvafiq normativ hüquqi aktları qəbul edə bilər".

Analitik.az