Körpəni oğurlayan qadından - Şok bəhanə (VİDEO)

3 Sentyabr 2014 15:18 (UTC+04:00)
Sumqayıt şəhər Baş Polis İdarəsində avqustun 13-də iki aylıq körpəsi oğurlanan Aysel Səfərova ilə uşağı oğurlamış Babayeva Xırda Əli qızının üzləşməsi keçirilib. APA TV-nin məlumatına görə, körpənin anası Aysel Səfərova hadisənin təfərrüatlarını belə açıqlayıb: "Qadın getmək istəmirdi, məni yubandırırdı, elə hey deyirdi ki, indi gedəcəyik, bir azdan gedəcəyik. Axırda oğlum dedi ki, ana, gedək yelləncəyə minək. Bizi parka apardı, sonra uşağımı oğurladı".

Xırda Babayeva sualları cavablandırmaqdan imtina edib: "Mənə artıq suallar verməyin, uşağı övladım olmadığına görə götürmüşəm. Eşitdim ana ola bilməyəcəyəm, süni mayalanma da olmaz, bu addıma əl atdım. Bu əməlin cinayət tərkibli olduğunu bilmirdim. Gözümü yumub bu işin dalınca getmişəm. Uşağı saxlamaq niyyəti ilə götürdüm. Mən oğru deyiləm, belə şeyləri bacarmıram".

Gah hönkürtü ilə ağlayan, gah tam sakit görünən Xırda Babayevanın sözlərinə görə, uşağı 6 mikrorayon ərazisində kirayə yaşadığı mənzildə saxlayıb. Körpəni satmaq niyyətində olmadığını təkrarlayan qadının yerini Sumqayıt və Binəqədi rayon polis idarələrinin əməkdaşları müəyyən ediblər. Qadının tam dəqiq ünvanı bəlli olandan sonra əməliyyata start verilib. Mənzilə daxil olan əməliyyatçılar uşağı azad ediblər.

Sumqayıt şəhər Baş Polis İdarəsinin şöbə rəisi Zaur Quliyevin sözlərinə görə, uşağın tanınması üçün üzləşmə keçirilib: "Anası uşağı tanıdı, səhhətində heç bir problem olmadığı dəqiqləşdi, daha sonra körpə valideynlərinə təhvil verildi"

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü, adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. İstintaq araşdırmaları davam edir.



AzNews.az