Vəhhabilərlə işbirliyində suçlanan şirkət rəhbəri yoxa çıxıb - İLGİNC

3 Sentyabr 2014 15:38 (UTC+04:00)
Bir neçə gün bundan əvvəl ölkə mediasında "AAAF Park" yaşayış kompleksi ilə bağlı ilginc xəbərlər yayıldı. Həmin xəbərlərdə sözügedən qurumda Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxlama aparıldığı və bu yoxlamalardan sonra "AAAF İnşaat" MMC-nin rəhbəri Tofiq Heydərovun saxlandığı bildirilirdi. O zaman şirkət tərəfindən direktorun həbs xəbəri təkzib olunsa da, aparılan araşdırmalar məlumatın tam əsassız olmadığını göstərir. Necə deyərlər "od olmasa, tüstü çıxmaz..."

Vəhhabilərə yardım iddiası

Birdaha xatırladaq ki, Heydərovun vergi cinayətilə bağlı saxlanıldığı, əslində isə onun cəzalandırılmasının kökündə radikal dini cərəyanlara, xüsusən vəhhabilər "yaşıl işıq" yandırmasının dayandığı deyilirdi. Xəbərə görə, o, uzun müddət imiş ki, Abşeronda və Xırdalanda vəhhabi məzhəbindən olan şəxslərə maliyyə yardımları göstərməklə yanaşı, bu dini cərəyanların nümayəndələrinin işlə, yaşayış yeriylə təmin olunmasında, eləcə, onların təhlükəsizliyinin təmin edilməsində ağsaqqallıq missiyasını yerinə yetirirmiş. Hətta iddia olunur ki, qatı dindar olan Heydərovun rəhbəri olduğu obyektlərin əksər işçiləri də məhz vəhhabi məzhəbinin nümayəndələri olublar.

Maraqlıdır ki, bu fakt hələ bu ilin fevralında Abşeron Rayon İcra Hakimiyyətini başçısı Zakir Fərəcovun rayon ərazisində fəaliyyət göstərən radikal dini qruplaşmalarla bağlı keçirdiyi xüsusi toplantıda səsləndirlən fikirlərlə üst-üstə düşür, hətta eynilik təşkil edir. Belə ki, icra başçısı həmin vaxt – vəhhabi probleminin gündəmə gəldiyi bir vaxtda rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta tikinti şirkətlərinin təmsilçilərinin iştirakıyla çağırılan iclasda çoc ciddi mesajlar vermişdi. Bildirilirdi ki, iclasdan əvvəl icra başçısı Zakir Fərəcov Polis İdarəsindən və Milli Təhlükəsizlik Nazirliyinin Abşeron rayon Şöbəsindən rayondakı radikal dini qruplaşmalarla bağlı ilginc məlumatlar almış, həmçinin radikal dini qruplaşma üzvlərinə kömək göstərən şəxslərlə bağlı ciddi ölçü götürüləcəyi barədə xəbərdarlıq etmişdi. Hələ o vaxt xəbərdarlıq edilənlər arasında "AAAF İNŞAAT" MMC-nin təsisçisi Tofiq Heydərov da olmuşdu. Rayon rəhbəri ona işçilərinə nəzarət etməyi tapşıraraq, dini qruplaşmaların işinə yardımçı olmağın böyük risk olduğunu söyləmişdi. Qeyd olunmuşdu ki, radikal dini qruplaşma üzvləri ilə hər hansı formada əməkdaşlıq və ya onlara yardımla bağlı xəbərlər təsdiqlənəcəyi təqdirdə heç kəsə güzəşt edilməyəcək. Görünür, Heydərov bu xəbərdarlığı da qulaqardına vurub və bu səbəbdən durumu ağırlaşıb.

AZAL rəhbəri ilə birgə cavabdehlik

Öncədən deyildiyi kimi, xəbər yayıldıqdan sonra şirkət tərəfindən rəsmi təkzib verildi və T.Heydərovun iş başında olduğu bildirildi. Amma bu məsələ ətrafında cumhuriyyet.az-ın apardığı xüsusi araşdırma zamanı yeni faktlar üzə çıxıb. Məsələ burasındadır ki, T.Heydərovla bağlı yayılan qalmaqallı xəbərlə eyni vaxtlarda Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz ləğv edilmiş "Bakı Quşçuluq" ASC-nin səhmdarı Tahir Axundovun iddiası əsasında məhkəmə işi gedir və bu iş də birbaşa T.Heydərovla bağlıdır. Abşeron rayonu Xırdalan qəsəbəsində 46 ha ərazidə yerləşən "Bakı Quşçuluq" ASC-nin 93.36 faiz payla nəzarət səhm paketinin sahibi Azərbaycan Beynəlxalq Bankının (ABB) prezidenti Cahangir Hacıyevə bağlılığı olan "Xəzər Menecment Sistems" MMC və daha 119 minoritar səhmdarı olub. 2011-ci ilin iyulunda müəssisənin illik ümumi yığıncağı çağırılıb, iclasın gündəliyində olmadığı halda idarə heyətinin yeni sədrini seçiblər. 5 ildə bir iclas keçirən müəssisə rəhbərliyi həmin il ikinci növbədənkənar yığıncağını sentyabrın 30-na çağırıb. Səhmdarlarının müəssisənin talandığının şahidi olmamaları üçün iclası cəmiyyətdən kənarda keçiriblər. Müəssisənin ümumi qiymətləndirilməsi tarixi isə bundan 7 ay əvvələ təsadüf edir. Səhmdarlar belə bir sövdələşmədən xəbərsiz olublar.

Avqustun 19-da, yəni müəssisənin ləğvi ilə bağlı çağırılan ümumi yığıncaqdan 40 gün əvvəl 36 ha-ya yaxın torpaq sahəsi AZAL prezidenti Cahangir Əsgərovun rəhbəri olduğu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) keçmiş vitse-prezidenti Tofiq Heydərovun təsisçilik etdiyi eyniadlı "AAAF-İnşaat" MMC-yə 9.6 mln. manata, 3 gün sonra müəssisənin avadanlıqları 744128 manata satılıb. Daşınar, daşınmaz əmlak da dəyərindən xeyli ucuz balansdan çıxarılıb. Baxmayaraq ki, müəssisənin bütün əmlakı satılıb, ləğvetmə prosesi bundan sonra - sentyabr ayının 30-da gerçəkləşib.

Müəssisənin səhmdarları ilə məsləhətləşmədən götürdükləri kredit borcları, vergilər və digər xərclər çıxıldıqdan sonra 4.6 mln. manat səhmdarlar arasında, hər səhmə 12 manat müəyyənləşərək bölüşdürülüb. 4.4 mln. manat 364471 səhmi olan paket sahibi "Xəzər Menecment Sistems" MMC-yə çatıb, satışdan əldə olunan vəsaitin cəmi 311672 manatı isə sayı 80-ə enmiş xırda səhmdarlar arasında bölünüb.

Ucuz müqavilənin görünməyən tərəfi

Beləliklə, müəssisənin əsas varidatı "Xəzər Menecment Sistems"ə çatıb, T.Axundova ümumilikdə 10.3 milyon manatdan cəmi 11 min manat təklif edilib. Lakin o, pulu götürməkdən imtina edib, məhkəməyə üz tutub. İndiyə qədər də məhkəmələrdədir. Səhmdara görə dəyərləndirmə düzgün aparılmayıb, satış qiyməti real deyil. Torpaq satışa çıxarıldığına görə əvvəlcə müəssisənin Nizamnamə kapitalı artırılmalı, sonra bazar dəyərinə satılmalıydı. Buna əməl olunmadığı üçün də vəsaiti səhmlər üzrə böləndə cüzi məbləğ alınır. Bu səbəbdən də səhmlərinə düşən əmlakı natura şəklində istəyir, puldan imtina edir. Səhmdarın hesablamalarına görə həmin ərazidə 0,08 ha torpaq sahəsi onun şəxsi mülküdür. Müraciət etdiyi əmlak mütəxəssisləri müəssisəni bundan dəfələrlə baha qiymətləndiriblər. Qiymətləndirmədə müəssisənin yerləşdiyi "Quşçuluq" massivində fərdi yaşayış evi təyinatlı 0,1 ha torpağın bazara təklif olunan dəyəri 8-10 min manat ətrafında olub. Hazırda qiymət bundan təxminən 20 faiz bahadır. Əmlak eksperti 2011-ci il qiymətilə hesablayaraq belə nəticəyə gəlib ki, ASC-nin əmlakı dəyərindən 2-3 dəfə ucuz satılıb. Qiymətlərin isə bu şəkildə tətbiqi səhmdarlarla bərabər pay bölgüsündən yaxa qurtarmaqla yanaşı vergidənyayınmaya da xidmət edib.

Tofiq Heydərovun adı var, bəs özü haradadır?

Onu da bildirək ki, "AAAF İnşaat"Şirkəti AZAL prezidenti Cahangir Əsgərov kimi yüksək çinli məmurun himayə etməsi proseslərin məcrasını bir qədər dəyişir. Hər halda burada hadisələr "Sevil Massivi"ndə olduğundan fərqli inkişaf edir, baxmayaraq ki, "vəhhabi faktoru" istisna edilmir.

Maraqlıdır ki, məlum xəbərdən sonar "AAAF Park"dakı supermarketin açılışında da TV-də Heydərov görünmədi. Şirkətin öz web-saytında "AAAF İnşaat" MMC-nin rəhbəri kimi Pərvin Əliyev təqdim edilir və yazıda onun açılış mərasimindən çıxışı qeyd edilir. Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədovanın çıxışından da bir cümlə verilib və hər ikisinin yanaşı şəkli var. Saytda Heydərovun sonda sakinləri təbrik etdiyi bildirilsə də, bir dənə də olsun görüntüsü yoxdur. T.Heydərovun prokurorluqda dindirilməsi hələlik rəsmi olaraq təsdiqlənməsə də, hazırda ortalıqda görünmür. Açılışı sentyabrda planlaşdırılan marketin isə tez-tələsik sakinlərin istifadəsinə verilməsi deyilənlərin şayiə olduğu görüntüsünü yaratmağa xidmət etdiyi bildirilir. Cahangir Hacıyevlə T.Heydərovun yaxınlığı aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olması ilə izah olunur. Vaxtilə "Bakı Quşçuluq" ASC-nin yerləşdiyi bu ərazinin sonradan şübhəli yollarla özəlləşdirildiyi, həmçinin C.Hacıyevin bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verdiyi də söyləntilər arasındadır.

cumhuriyyet.az