Rəşad Sadıqov söyüş eşitmədiyini dedi

13 Sentyabr 2012 16:13 (UTC+04:00)


Qol.az saytı xəbər verir ki, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Portuqaliyaya qarşı keçirilən DÇ-2014-ün seçmə matçında yığmamızın bəzi üzvlərinin bir-birinin ünvanına təhqiramiz ifadələr işlətməsinə münasibət bildirib: "Mən həmin vaxt söyüş eşitməmişəm. Çünki tribunalarda 30 min azarkeşin səsindən dayanmaq olmurdu. Düzü, heç bilmirəm, bu hadisə hansı epizodda baş verib".

O, bununla bağlı internetdə yayılan videoya baxmadığını söyləyib. R.Sadıqov qeyd edib ki, oyun zamanı futbolçular əsəblərini cilovlaya bilmirlər: "Ona görə də belə hallar futbolda baş verir. Özü də təkcə bizdə yox, demək olar ki, bütün komandaların futbolçuları arasında. Futbolçular səslərinin efirə düşəcəyini bilsəydilər, heç söyüş işlətməzdilər".

"Adətən, belə hadisəyə görə futbolçuya hansı cəza verilirmi", sualına cavabında R.Sadıqov məsələylə bağlı danışmaq istəmədiyini söyləyib: "Bir daha deyirəm, mən söyüş eşitməmişəm. Çünki tribunada səs-küy yüksək idi".

AzNews.az