Foqts biabırçı məğlubiyyətdən danışdı

3 Sentyabr 2014 20:57 (UTC+04:00)
"Rusiya yığmasını təbrik edirəm. Rəqib bizdən həm taktiki, həm texniki cəhətdən güclü idi. Görmək istəmədiyim xeyli səhvlər gördüm".

AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.Az öncə Moskvada Rusiya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayan yığmamız 0:4 hesabı ilə uduzdu. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında almaniyalı çalışdırıcı komandamızın çıxışından narazı qalıb: "Belə oyunlarda bəzi eksperimentlər edirik. Əks halda, yoldaşlıq oyunlarının anlamı olmaz. Bu gün rəqib tək psixoloji cəhətdən yox, həm də sürət baxımından üstün idi".

- Siz açıqlama vermişdiniz ki, millimiz AÇ-nin final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq. Özbəkistan və Rusiya ilə yoldaşlıq oyunlarından sonra həmin fikirdə qalırsınızmı?

- Sözsüz ki, həmin fikirdə qalıram. Xüsusən, ev oyunlarında biz bütün güclü rəqiblərə sürpriz etməyə qadirik. Mən komandama inanıram.

- Nazarov son iki yoldaşlıq matçında start heyətində yer aldı. Demək olarmı ki, Bolqarıstanla qarşılaşmada da ilk "11lik"də olacaq?

- Mənim hələ bu oyunadək Bolqarıstanla görüşə çıxacaq start heyəti haqda fikirlərim var idi. Amma bu gün bütün suallara aydınlıq gəldi. Nazarovun start heyətində yer alıb-almayacağını isə deyə bilmərəm.

AzNews.az